Mixail Saakaşvili: "Ona dedim ki, əgər Almaniya və Amerikanı əvəzləsək, başımıza problem açarıq"
Gürcüstan prezidenti Mixail Saakaşvili "Əl-Cəzirə" telekanalına müsahibəsində ölkəsinin Rusiya ilə münasibətlərinə toxunub. Konkret olaraq o qeyd edib ki, Gürcüstan-Rusiya münasibətlərinə iki səviyyə var: sevgi və nifrət. “Bir tərəfdən Rusiya hökuməti sərhədlərimizi, hökumətimizi tanımır, atəşkəs haqqında imzaladığı sazişə əməl etmir. Vətəndaşlarımız Rusiyaya gedə bilmir. Digər tərəfdən isə Gürcüstana çoxlu sayda ruslar gəlir. Biz Rusiyanın cənubunda yaşayanlar üçün vizasız rejim tətbiq etdik”, - deyə o vurğulayıb-ANS PRESS məlumat verir.
Fikirlərinə davam edən Saakaşvilinin sözlərinə görə, Gürcüstana gələn ruslar ölkənin neft və qaz kimi təbii ehtiyatlara malik olmamasına rəğmən son illər ərzində necə dəyişdiyini təəccüblə qarşılayır. “Bir neçə gün öncə Polşada rus professorla görüşmüşdüm. O mənə demişdi ki, “soyuq müharibə dövründə ABŞ və Almaniya Federativ Respublikasına necə heyranlıqla baxırdılarsa, indi Gürcüstana elə heyrandırlar. Mən isə dedim ki, əgər onlar üçün Almaniya və Amerikanı əvəzləsək, başımıza problem açarıq. Bu mərhələdə rusların bir çoxu bizə heyrandır və bu təbii hisslərdir. Həqiqətən də Rusiya ilə Gürcüstan arasında sevgi və nifrət var”, - deyə o qeyd edib.