«GÜL BAYRAMI»na VAŞİNQTONDAN DA ETİRAZ GƏLDİ

Amerika azərbaycanlıları mayın 10-da matəm mərasimi keçirəcəklər

AZAD (Azerbaijan Americans for Democracy) ictimai təşkilatının üzvləri ABŞ azərbaycanlılarına və Azərbaycan dostlarına Azərbaycan hakimiyyətinin mayın 10-da Bakıda gül bayramı keçirmək planlarına etirazlarını bildirmək barədə müraciət ediblər.
AZAD-ın «Turan» agentliyinə daxil olmuş məlumatında deyilir ki, aprelin 30-da Bakı Neft Akademiyasında faciəvi hadisələr bütün ölkəni və Azərbaycanın hüdudlarından kənarda çoxlarını şoka salıb. Bu faciənin səbəbi nə olursa olsun, ölkə faciənin günahsız qurbanlarına yas saxlayır. Sadə insanlar bunun necə baş verə biləcəyi və qurbanların necə layiqincə anılması ilə bağlı suallara cavab axtarır. Lakin hakimiyyət mayın 10-da Heydər Əliyevin ad günü ilə əlaqədar gül bayramı keçirməyə hazırlaşır.
Bütün dünyadan başsağlığı qəbul edən hökumət hətta cəmiyyətə və faciə qurbanlarına ehtiram nümayiş etdirərək, milli matəm də elan etməyib. Bundan əlavə, polis insanlara öz matəm tədbirlərini keçirməyə imkan vermir.
«30 aprel qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq və bunun bizim üçün gül bayramından daha vacib olduğunu nümayiş etdirərək, sizi bazar günü mayın 10-da Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşıında keçiriləcək matəm mərasiminə qoşulmağa dəvət edirik», deyə məlumatda bildirilir.
Aksiya iştirakçıları qara geyimdə səfirliyə bir neçə məhəllə məsafədən yürüşə başlayacaq və səfirliyin qapıları ağzına gül və çələng qoyacaq.
«Bu, siyasi aksiya, nümayiş və ya piket deyil - bu, matəm mərasimidir», deyə bəyanatda qeyd edilib.
Yeni Musavat


В этом разделе