Qondarma "erməni soyqırımı" ilə bağlı məsələ müzakirəyə çıxarılır
Bu gün Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsi müzakirə olunacaq. Milli.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fransadakı türklər səhər saatlarında Senatın binası qarşısında aksiya keçirəcəklər. Ermənilərin də eyni yerdə toplaşması gözlənilir.
Senatdakı müzakirələrdən əvvəl Konstitusiya Komissiyası “erməni soyqırımı”na görə cəza nəzərdə tutan qanun layihəsinin ölkənin əsas qanununa zidd olması barədə qərar qəbul edib. Senatda qanun layihəsindən əvvəl komissiyanın qərarının müzakirəsi gözlənilir. Əgər komissiyanın qərarı əsaslı hesab olunsa, qanun layihəsi müzakir edilməyəcək.
Senatdakı təxmini qüvvələr nisbəti artıq məlumdur. Az sayda mandata sahib olan radikal solçular, yaşıllar və yeni mərkəzçilər qanun layihəsinin əleyhinə səs verəcəklərini bəyan ediblər. Çoxluğa sahib olan sosialistlər və iqtidardakı Xalq Hərəkatı İttifaqından olan senatorlar isə ikiyə bölünüblər. Onların bəziləri qanun layihəsinin tərəfdarı olsalar da, Türkiyə ilə Fransa arasındakı münasibətlərə daha çox önəm verənlər də var.