Fransa Misirin sabiq prezidenti Hüsnü Mübarəkin edam hökmünə məhkum edilməsinə qarşı çıxıb
APA-nın məlumatına görə, ölkəsinin bu mövqeyini Fransa Xarici İşlər nazirliyinin mətbuat katibi Romen Nadal açıqlayıb.
Qeyd edək ki, Misir Baş Prokurorluğu sabiq prezident Hüsnü Mübarək, sabiq daxili işlər naziri Həbib əl Ədli və onun altı müavininin edam olunmasını tələb edib.
“Fransa yerindən və səbəbindən asılı olmayaraq həmişə ölüm hökmünə qarşı çıxıb. Biz ölüm hökmünün bütün ölkələrdə ləğvini istəyirik, Misir də bu baxımdan istisna təşkil etmir”.
Hüsnü Mübarək və Daxili İşlər Nazirliyinin sabiq rəhbərliyi ötən ilin əvvəllərində Misirdə başlayan xalq hərəkatı zamanı dinc nümayişçilərə atəş açılmasında günahkar bilinir. Müttəhimlər ittihamı qəbul etməyiblər. Onların vəkilləri bildirib ki, polis əməkdaşlarına nümayişçilərə atəş açmamaqla bağlı sərt təlimat verilib. Bundan başqa mitinqlərin təhlükəsizliyini təmin edən polislərin üzərində odlu silah olmayıb. Hüsnü Mübarək və tərəfdarlarının məhkəməsi yanvarın 9-10-da davam edəcək.