İşğalçı rejimin önəmli məmur postlarında dəyişiklər olub
Ermənistan parlamentinin spikeri Ovik Abramyan istefa verib və bundan sonra hakim Respublikaçılar partiyasının seçki qərargahına başçılıq edəcək.
APA-nın PanARMENIAN.Net agentliyinə istinadən verdiyi xəbərə görə, Respublikaçılar partiyasının şurasının iclasından sonra Abramyan jurnalistlərə bildirib ki, öz təşəbbüsü ilə istefa verib. Abramyan deyib ki, bu seçki qabağı kampaniyanı daha səmərəli təşkil etməyə imkan verəcək. O, Ermənistan hökumətinin digər yüksək vəzifəli şəxslərinin istefa verməsini istisna etməyib.
Milli.Az news.am saytına istinadən xəbər verir ki, Ermənistan Polisinə yeni rəhbər təyin edilib. Ölkə başçısının mətbuat xidmətindən bildiriblər ki, bu postu gözlənildiyi kimi, müdafiə nazirinin müavini Vladimir Qasparyan tutub.
Bu vəzifədən azad olunmuş A.Sarkisyan isə prezidentin məsləhətçisi təyin edilib.
Ermənistan KİV-i də gözlənilən istefalar haqda yazır. "Qraparak" qəzeti buna hakim partiyanın dünən keçirilən iclasında qərar verildiyini bildirir: "Toplantıda bir sıra digər vəzifələrə də yeni təyinatlarla bağlı müzakirələr aparılıb".
"İratec de facto" qəzeti A.Sarkisyanın vəzifədən kənarlaşdırılmasının yeganə dəyişiklik olmayacağını bildirir. "Hakim partiya Yerevan meri postunda Karen Karapetyanı Taron Marqaryanın əvəzləməsinə də qərar verib, - deyə qəzet bildirir. - Bu sondurmu? Yəqin ki, yox".
"Haykakan jamanak" isə yaxın günlərdə istefa növbəsinin müdafiə naziri Seyran Ohayana da çatacağını yazır: "Məlumata görə, hakim partiyanın iclasında bu məsələyə xüsusi diqqət yetirilib. Baş Qərargah rəisi Yuri Xaçaturovun da istefaya göndəriləcəyi bildirilir. Müdafiə naziri postuna onun birinci müavini David Tonoyan, Baş Qərargah rəisi postuna isə müdafiə nazirinin digər müavini Alik Mirzabekyanın təyin olunacaqları gözlənilir".