Ermənistanda Azərbaycan xeyrinə casusluqda günahlandırılan İran vətəndaşı avqustun 19-da məhkəmə zalından birbaşa xəstəxanaya aparılıb.
Həmin şəxs - Behnam Baqeri ifadə verərkən əsəb gərginliyindən ürəyi gedib.
"Yeni Musavat"ın məlumatına görə onun vəkili İnesa Petrosyan bildirib ki, bağlı qapılar arxasında keçirilən məhkəmədə müdafiə etdiyi şəxs ittihamçının müdaxiləsindən sonra əsəb gərginliyi keçirib və ürəyi gedib: “O, ifadəsini fars dilində hazırlamışdı. Onu oxumağa başlayanda ittihamçı prosesə lazımsız müdaxilələr etməyə başladı. Bu isə Baqerini özündən çıxardı. O, ifadəsini cırdı və etiraz olaraq zaldan çıxmağa çalışdı. Onu qaytaranda artıq ağır vəziyyətdə idi, az qalırdı ürəyi getsin. Həkimlər Baqerini xəstəxanaya aparmağı məsləhət gördü, çünki insult simptomları vardı”.
Xəstəxanaya aparılan iranlı avqustun 19-u axşama kimi huşsuz vəziyyətdə olub. Bu barədə Baqerinin İrandakı ailəsinə məlumat verilib. 30 yaşlı B.Baqeri Azərbaycanın xeyrinə casusluq etmək ittihamı ilə ötən il Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub. İttiham tərəfi ona 11 il həbs cəzası istəyir.
“Azadlıq” radiosunun məlumatına görə, Ermənistan rəsmiləri bildirir ki, 2009-cu ilin sentyabrında Baqeri istefada olan podpolkovnik Qevorq Hayrapetyandan Ermənistanın beynəlxalq nüfuzuna xələl gətirə biləcək video-disk alıb. Disk Baqeri Ermənistandan İrana keçərkən sərhəddə tapılıb. Hayrapetyan Azərbaycana qarşı döyüşlərdə iştirak edən canilərdəndir. Ancaq indi o, vətənə xəyanətdə ittiham olunur və onu 13 il azadlıqdan məhrumetmə gözləyir.