“Üsamə bin Laden artıq “Əl-Qaida” terror təşkilatının əməliyyatlarına rəhbərlik etmir.
APA-nın məlumatına görə, bu fikirlər ABŞ Silahlı Qüvvələrinin Mərkəz Komandanlıq İdarəsinin rəhbəri general Devid Petreusa məxsusdur. O, Üsamə bin Ladenin hələ də sağ olduğunu deyib: “O əvvəlki kimi tanınmış fiqurdur. Lakin hesab edirik ki, artıq əməliyyatlara bin Laden rəhbərlik etmir. O gizlənməyə məcburdur, heç yerə getmir və onun haqqında kəşfiyyat məlumatları əldə etmək çətindir. Belə görünür ki, o da baş verənlərdən çox gec xəbər tutur. Xəbərləri ona yalnız ən yaxın və inandığı adamlar çatdırırlar”.
Xatırladaq ki, bir müddət əvvəl Konqresdə çıxış edən ABŞ-ın ədliyyə naziri Erik Xolder bin Ladenin nə zamansa məhkəmə qarşısında dayanacağına inanmadığını deyib: “Onu sağ ələ keçirmək imkanı mikroskopik dərəcədə azdır. Bin Ladeni ya bizimkilər, ya da öz adamları öldürəcək”.
ABŞ kəşfiyyatı hesab edir ki, “Əl-Qaida” lideri Pakistanın Cənubi Vəziristan vilayətində gizlənir.
LENT.AZ