Ə.Davudoğlu: "Türkiyə cəbhə xəttində baş verənləri diqqətlə izləyir"

"Qafqazda sabitlik yalnız Azərbaycan torpaqlarının azad edilməsi ilə mümkündür"

Türkiyə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı qarşıdurmaları diqqətlə izləyir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. “Cihan” agentliyinin məlumatına görə, Qars şəhərində jurnalistlərlə görüşdə Türkiyənin xarici işlər naziri bəyan edib ki, Türkiyə bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparacaq.

“Qafqazda sabitlik yalnız Azərbaycan torpaqlarının azad edilməsi ilə mümkündür. Atəşkəs rejiminin pozulması hallarına son qoymaq üçün Türkiyə bütün mümkün səyləri göstərəcək”, - deyə Ə. Davudoğlu vurğulayıb.

Xatırladaq ki, Ermənistan silahlı bölmələrinin təxribat qrupu avqustun 31-də saat 16:30-da Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək, Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Hücum zamanı şiddətli atışma baş verib. Azərbaycan əsgərlərinin güclü müqaviməti nəticəsində düşmən itki verərək geri oturdulub. Döyüş zamanı Azərbaycan ordusunun iki əsgəri - Əmirov Vüqar Əmirəli oğlu və Abdullayev Pərvin Nəbi oğlu qəhrəmancasına şəhid olub.

 ANS TV

В этом разделе