"Əbu Bəkr" məscidində törədilmiş terror aktında təqsirli bilinən dəstənin axtarışda olan üzvü Pakistandan Bakıya gətirilib - MTN

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi "Əbu Bəkr" məscidində törədilmiş terror aktında təqsirli bilinən dəstənin axtarışda olan üzvünü saxlayıb.

MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən cümə günü Trend News-a verilən məlumata görə, mart ayının 16-da Samir Mehdiyev Pakistandan Azərbaycana gətirilib.

"Meşə qardaşları" adlı silahlı birləşmənin rəhbərlərindən biri Samir Mehdiyev fakt üzrə istintaqa ifadə verərkən bu cinayətin də "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev tərəfindən sifariş edildiyi müəyyən edilib.

Hazırda həmin fakt üzrə cinayət törətmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi və digər hallarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.

2008-ci il avqust ayının 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Əbu Bəkr" adı ilə tanınan "Cümə məscidi"nə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.

Faktla bağlı Bakı şəhər prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə,',0), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Lakin istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq cinayətinin əlamətləri müəyyən olduğundan istintaqın aparılması Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə edilib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həmin cinayətin tezliklə açılması istiqamətində həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, cinayətdə şübhəli bilinən şəxslər əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən, özünü "Dağıstan camaatı"nın əmiri elan etmiş "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı "Suleyman" ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir.

2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "Meşə qardaşları" zərərsizləşdirildikdən və 17 nəfər üzvünün, o cümlədən liderlərindən biri - "Əbu Cəfər" ləqəbli Naif Əbdül Kərim əl-Bədəvinin həbs edilməsindən sonra həmin silahlı birləşmənin digər başcısı "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı Samir Mehdiyev və qeyriləri barəsində cinayət təqibi davam etdirilib. O da qeyd olunmalıdır ki, 2008-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən xüsusi antiterror əməliyyat nəticəsində silahlı birləşmənin daha 26 üzvü, o cümlədən Elnur Bəşirov, Fariz Məmmədov, Elşən Allahverdiyev, Taleh Məhərrəmov, Zabit Şıxbabayev, Samir Babayev, Kamran Bozorgi, Qüdrət Məlikov, Rafiq Ağacanov, Teymur Nərimanov və digərləri yaxalanıblar. Onlardan çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və sxemlər, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və sair aşkar olunaraq götürülüb.

İlqar Mollaçiyev "Meşə qardaşları" adlı həmin silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, Azərbaycanın şimal rayonlarında digər qanunsuz hərbi qruplaşmalar yaratmağı və ümumən respublikada ictimai-siyasi sabitliyin pozulmasına yönələn terrorçuluq əməlləri törətməyi planlaşdırıb. Bu məqsədlə Samir Mehdiyev dini radikallığı ilə seçilən tərəfdaşları - Elnur Bəşirov, Taleh Məhərrəmov, Samir Babayev, Fariz Məmmədov, Elşən Allahverdiyev, Zabit Şıxbabayev və digərləri ilə əlaqə yaradıb. İlqar Mollaçiyevin və Samir Mehdiyevin planına əsasən, ümumilikdə "Meşə qardaşları" silahlı birləşməsinə daxil olan və özlərini "Sumqayıt camaatı" və "Quba və Qusar camaatı"na aid edənlər iki qrupa bölünməli idi. "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli, "Quba və Qusar camaatı" adlı qrupun üzvləri isə respublikanın dağ-meşə massivində hərbi düşərgələr hazırlamalı idi. Terrorçuluq hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə silahlı birləşmənin üzvləri tərəfindən Azərbaycanın Quba və Qusar rayonları ərazisində, meşələrdə 12 xüsusi blindaj və mağara hazırlanıb, silah və döyüş sursatı əldə edilib, ərzaq ehtiyatı yaradılıb. Həmin yerlər dəstənin uzun müddət hərbi-səhra şəraitində statik və mobil şəkildə fəaliyyət göstərməsi üçün bütün lazımi əşyalarla təchiz olunub.

2008-ci il iyulun 19-da "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev və onun Məryəm adlı zövcəsi, "doktor Muhamməd" ləqəbli ərəb mənşəli şəxs, Samir Mehdiyev və qeyriləri avtomat və tapança, habelə müxtəlif tipli əl qumbaraları ilə silahlanaraq qeyri-qanuni yolla Rusiya Federasiyasının ərazisindən Azərbaycana gəliblər. Onlar əvvəlcə silahlı birləşmənin üzvü Elşən Allahverdiyevin Sumqayıt şəhərində 26-cı kvartalda kirayə etdiyi evdə gizləniblər. Lakin sonradan İlqar Mollaçiyevin tapşırığı ilə Elşən Allahverdiyev Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 27-də 3 otaqlı mənzil kirayə edib. İlqar Mollaçiyev, onun zövcəsi Məryəm, həmçinin Samir Mehdiyev, Elşən Allahverdiyev və qeyriləri həmin evə köçüblər. Sonradan İlqar Mollaçiyevin digər zövcəsi, Samir Mehdiyevin Sumqayıtda yaşayan bacısı da həmin mənzilə gəlib və onlarla birlikdə orada qalıb.

2008-ci il avqust ayının 14-də Samir Mehdiyev yaşadıqları evin arxasındakı parkda Elnur Bəşirovu istintaq sirri olduğundan adı açıqlanmayan bir nəfər şəxslə tanış edərək, onunla birlikdə "Əbu Bəkr" məscidinə getməyi və həmin məsciddə terror törətməyi tapşırıb. Məsciddə törədiləcək terrorun əsas məqsədi isə çoxlu sayda insan tələfatının baş verməsi ilə əhali arasında vahimə və qorxu hissi yaratmaq, ölkədə sabitliyi və ictimai təhlükəsizliyi pozmaq olub. Bu cinayətkar razılaşma əsasında Elnur Bəşirov həmin şəxslə birlikdə "Əbu Bəkr" məscidinə gəliblər. Sonuncu məscidin ətrafını gəzərək, giriş və çıxışını, pəncərələrinin yerini müəyyənləşdirib. Bundan bir gün sonra Samir Mehdiyevin tapşırığı ilə Elnur Bəşirov və həmin şəxs yenidən məscidin yaxınlığına gəlib, burada namaz vaxtı toplaşan insanların çoxluğunu, həyətin işıqlandırılması, özlərinin mövqe tutucaqları yerləri və digər detalları dəqiqləşdiriblər. Son dəqiqləşdirmə və hazırlıq işlərindən sonra, onlar məsciddə partlayışı axşam namazı zamanı törətməyi qərara alıb və bu cinayət aksiyasının həyata keçirilməsi üçün seçilən münasib yer və vaxt barədə Samir Mehdiyevi məlumatlandırıblar. Samir Mehdiyev partlayışı törətmək məqsədilə Elşən Allahverdiyevin yanında Elnur Bəşirova 1 ədəd əl qumbarası verib.

Avqustun 17-də Elnur Bəşirov həmin qumbaranı götürüb cinayəti törədəcək şəxslə birlikdə "Əbu Bəkr" məscidinə gedən yolun kənarında gözləyiblər. Artıq namazın başlandığını və coxlu sayda adamların toplaşdığını yəqin etdikdən sonra Elnur Bəşirov və həmin şəxs məscidin ətrafındakı əvvələcədən planlaşdırdıqları yerə gəlib, Elnur pusquda durub, həmin şəxs isə ondan 5-10 metr aralı məsafədə arxa tərəfdən məscidin pəncərəsinə qalxıb əlindəki dəmir parçası ilə şüşəni sındıraraq qumbaranı içəri atıb. Bundan sonra məsciddə partlayış baş verib, Elnur Bəşirov və həmin şəxs hadisə yerindən uzaqlaşıblar. Növbəti gün Elnur Bəşirov Samir Mehdiyevin kirayədə yaşadığı mənzilə gedib və ona hadisə barədə ətraflı məlumat verib. İstintaqla müəyyən edilib ki, partlayış namaz qılanların səcdə etdikləri anda baş verdiyindən, qumbaranın qəlpələri insanlardan yan keçərək ətrafa səpələnib və nəticədə bu dəhşətli cinayəti hazırlayanların gözlədiklərindən az insan ölümünə səbəb olub.

Cinayətin törədilməsindən sonra İlqar Mollaçiyev, Samir Mehdiyev, "doktor Muhamməd" ləqəbli ərəb mənşəli həmin şəxs və qeyriləri təcili olaraq Azərbaycanı tərk etmək məqsədilə Qusar rayonuna gəliblər. İlqar Mollaçiyev, "doktor Muhamməd" ləqəbli ərəb mənşəli şəxs və qeyriləri qanunsuz yolla Rusiya Federasiyasının ərazisinə keçməyə nail olub, Samir Mehdiyev və Elnur Bəşirov isə qrupdan ayrılaraq Sumqayıt şəhərinə qayıdıblar.

Burada Samir Mehdiyev, hazırda cinayət işi ilə bağlı Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsində baxılmaqda olan 31 nəfərdən ibarət "Sumqayıt camaatı" adlı silahlı birləşmənin üzvləri vasitəsilə onların rəhbəri, həmin vaxt Gürcüstan ərazisində olan Azər Misirxanovla əlaqə yaradıb və bir müddət Sumqayıt şəhərində gizlənib. Sonra Samir Mehdiyev Azər Misirxanovun göstərişinə əsasən, həmin silahlı birləşmənin üzvlərinin köməkliyi ilə Qazax rayonuna gedib və qeyri-qanuni yolla Gürcüstana keçirilib. Samir Mehdiyev gizli yollarla Pakistan İslam Respublikasının Penjebura, oradan isə Kvetta şəhərinə gəlib. 2010-cu ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb.

/Trend News, müxbir K.Zərbalıyeva/
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az

В этом разделе