Davudoğlu: "İran NATO-nun mövzusu deyil"

Türkiyə xarici işlər naziri İranı müdafiə etdi.

 

ANSPRESS-in verdiyi xəbərə görə, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu İranın NATO üçün təhdid olmadığını bildirib. "İran NATO-nun mövzusu deyil. Bu məsələ ilə bağlı edilməsi lazım olan çox şey var. Amma NATO texniki olaraq təhdid qəbul etməlidir", deyə Davudoğlu qeyd edib.

Türkiyə xarici işlər naziri deyib ki, İran məsələsi ilə bağlı ortaya çıxacaq gərginlik nəticəsində hər kəs nəyisə itirəcək. "Bu gərginlik bir tərəfin qazanacağı, bir tərəfin itirəcəyi bir nəticə yaratmaz. Bunu hər kəs bilməlidir. Bu məsələ Türkiyəni də yaxından maraqlandırır, çünki biz də keçmişdə bu cür gərginliklər nəticəsində həmişə nəyisə itirmişik. Ətrafımızda bir sabitliksizlik yaranmışdı. İraqa embarqolar tətbiq olunanda bizə də mənfi təsir göstərmişdi. Biz bunların olmaması üçün səy göstəririk".

Ə.Davudoğlu onu da qeyd edib ki, Türkiyənin səyləri bəzilərinin dediyi kimi vasitəçi olmaq həvəsi deyil.

"Bu məsələdə Türkiyənin nə qədər müvəffəqiyyətli olduğu hamıya bəllidir. Bunu hər kəs bilir. Yaxın Şərqdə sabitlik olsa, bundan biz qazanarıq. Yaxın Şərqdə gərginlik artsa, ən çox itirən biz olarıq. Buna görə də biz bu mövzuda məsuliyyətliyik. Mən ümidsiz deyiləm", deyə xarici işlər naziri qeyd edib.

Türkiyə xarici işlər naziri Türkiyəyə qonşularından heç bir təhdid olmadığını da qeyd edib. "Biz qonşu ölkələrin heç birindən təhdid qəbul etməmişik. Türkiyə heç vaxt qonşularına təhdid olmayıb və onlardan da təhdid gözləmir. Amma öz təhlükəsizliyimiz söz mövzusu olanda bunun qarşısını almaq üçün hər cür vasitəyə sahibik. Bunu hər hansı bir ölkəyə qarşı söyləmirəm".

В этом разделе