Dağlıq Qarabağ münaqişəsinin həlli artıq sonuncu mərhələsindədir - Azərbaycan Prezidenti

Bunu Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib Dağlıq Qarabağ münaqişəsinin həlli artıq sonuncu mərhələsindədir.

Bunu Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib, şənbə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Azərbaycanın prinsipial və dəyişməz mövqeyi bundan ibarətdir və bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq prinsiplərə əsaslanır. Xalqların isə öz müqəddəratlarını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər və bundan kənarda heç bir başqa variant müzakirə oluna bilməz", - dövlət başçısı deyib.

Prezidentin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi nəinki Azərbaycan üçün, bütün region üçün böyük problemdir, regional əməkdaşlığı əngəlləyən ən başlıca amildir.

"Regionun çox böyük imkanları vardır. Regional əməkdaşlıq daha da hərtərəfli aparıla bilər. Bütün yollar, bütün kommunikasiyalar açıla bilər, regionda yerləşən bütün ölkələr qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə bilər.
Ancaq o da həqiqətdir ki, torpaqlarımız işğal altında qaldığı bir dövrdə Ermənistan ilə Azərbaycan arasında heç bir əməkdaşlıq mümkün deyildir. Azərbaycan gələcəkdə də öz coğrafi, iqtisadi, siyasi və başqa imkanlarından istifadə edərək Qarabağ məsələsinin, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışacaqdır", - Prezident İlham Əliyev əlavə edib.

Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illərdir ki, danışıqlar aparılır. Ancaq əfsuslar olsun, hələ ki, biz heç bir nəticəyə gəlməmişik.

"Düzdür, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur. Müzakirə olunan məsələlər münaqişənin həllinə kömək göstərə bilər. Müzakirə edilən məsələlər münaqişənin ərazi bütövlüyü əsasında həll olunmasını təmin edir.
Azərbaycanın tarixi torpağı olan Qarabağ bölgəsi 20 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmur. O qətnamələrdə erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Digər beynəlxalq təşkilatlar buna bənzər qərarlar qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu vaxta qədər beynəlxalq normalara məhəl qoymur", - Prezident vurğulayıb.

/Trend.az/

В этом разделе