“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində tezliklə irəliləyişin olacağına ümid edir”
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bu barədə ABŞ dövlət katibinin müavini Filip Qordon Senatda çıxışı zamanı bildirib.
Mayın 18-də Filip Qordon Senatın xarici əlaqələr komitəsinin “112-ci Konqresdə Avropa üçün idarəetmənin prioritetləri” mövzusunda keçirilən dinləmələrində iştirak edib. Dinləmələrə Cenni Şahin (Jeanne Shaheen) sədrlik edib.
“Biz hesab edirik ki, əsas prinsipləri tamamlamaq, təsdiqləmək və sülh sazişi layihəsini hazırlamaq vaxtı çatıb”. F. Qordon Dağlıq Qarabağla bağlı sülh danışıqlarına münasibət bildirərkən belə deyib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması istiqamətində Azərbaycan və Ermənistana kömək etmək üçün Rusiya və Fransa ilə birlikdə Minsk Qrupu çərçivəsində fəaliyyətimizi genişləndirməyə davam edəcəyik.”
F. Qordon xatırladıb ki, ABŞ Dağlıq Qarabağ məsələsi ilə fəal şəkildə məşğul olur və əlindən gələn köməkliyi göstərməyə hazırdır.
Dövlət katibinin müavini vurğulayıb ki, Cənubi Qafqaz, Yaxın Şərq, İranın nüvə proqramı və digər regional problemlər ABŞ-Aİ əməkdaşlığının əsas istiqamətləridir: “Bizim Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlarla Qafqaz regionunda birgə səylərimiz irəliləyişlə nəticələnib, lakin ərazi mübahisələri və mühüm siyasi və iqtisadi islahatlara ehtiyac daha böyük sabitliyə ciddi maneə yaradır. Amerikanın Gürcüstana böyük yardımı Gürcüstanı demokratiyaya can atan ölkəyə və Əfqanıstanda NATO-nun mühüm tərəfdaşına çevirməyə kömək edib. Avropalı tərəfdaşlarımızla birlikdə biz Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini və Abxaziya və Cənubi Osetiya münaqişələrinin sülh yolu ilə həllinin tapılması üçün beynəlxalq səyləri dəstəkləməyə davam edəcəyik”.
ABŞ həmçinin Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləməyə davam edəcək.
“Biz hesab edirik ki, Avropada münaqişələrdən qaçmaq üçün ABŞ və Avropa birlikdə fəaliyyət göstərməli və demokratiya, sülh və daha böyük inkişafa nail olmaq üçün regiondakı ölkələrə kömək etməlidir”, - deyə F. Qordon vurğulayıb.
Dövlət katibinin müavini həmçinin xatırladıb ki, Avropa sülh, tərəqqi və demokratiya zonasını inkişaf etdirmək üçün ABŞ xarici yardım investisiyaları vacib alət olaraq qalır: “ABŞ administrasiyasının 2012-ci maliyyə ili ilə bağlı büdcə layihəsində regiona yardım azaldılıb. Buna regionda bəzi yardım hədəflərinə nail olunması və xüsusilə bizim çətin büdcə mühitimiz səbəb olub. Vəsaitlərin ayrılması ilə bağlı gələcək qərarlarımızda biz ABŞ-ın bu regiondakı uzunmüddətli maraqlarını nəzərə alacağıq”.
ABŞ-ın Rusiya ilə bağlı siyasətindən danışarkən F. Qordon qeyd edib ki, çətinliklər hələ də qalır: “Hər halda indi biz deyə bilərik ki, bizim Rusiya ilə fəaliyyətimiz Amerikanın təhlükəsizliyi və qlobal prioritetlərində yardımçı ola bilər”.