Hər il çoxlu sayda müsəlman Allahın evini- Kəbəni ziyarət etmək üçün Məkkəyə gedir. Məkkə, Səudiyyə Ərəbistanının şəhərlərindən biridir və Kəbə də burada yerləşir.
SalamNews-un məlumatına görə, Məkkəyə gedən insanlara əgər hicri-qəməri ayı olan zilhiccə ayında getsələr, onlara hacı deyilir. Həcc səfəri adlanan bu səfər dünyanın ən şirin səfəridir. Və Məkkəyə gedən hacılara da orada bir sıra proqramları və əməlləri icra etmək vacibdir.
Ərəfə günü isə zilhiccə ayının 9-cu günüdür (bu il oktyabrın 25-ə düşür) və bu günün xüsusi əməlləri var. Hacılar bu gün Məkkə yaxınlığındakı Ərəfat çölündə toplanır və Allaha ibadət edirlər. Ərəfə günü namaz və dua günüdür, Allahdan istəmə günüdür, günahların bağışlanma günüdür.
Ümumiyətlə Ərəfat ərəbcə “ərəfə” felindən əmələ gəlmişdir və mənası dərk etmək, anlamaq deməkdir.
Ərəfat bir günlük ziyarət məkanıdır. İnsan burada gün batanadək dualarını Allaha ərz edir. Milliyyətindən, dilindən, mənsəbindən asılı olmayaraq insanlar – Allahın bəndələri bir araya gəlirlər. Burada insan düzənlik, qum və ümmandan başqa heç nə görmür. Günəşin şəfəqləri altında insan acizliyini dərk edir, Allahın birliyini, yaradıcı və hər şeyin sahibi olduğunu, bir gün yenə Ona qayıdacağını düşünür
Ərəfə günü oruc tutmağı Peyğəmbər (s) tövsiyə edərək buyurub ki, “Bu günün orucu bir ilin günahlarına kəffarədir”.