Suriyaya müdaxilə olarsa, bunun fəsadları bütün dünya üçün ağır olacaq, çünki Suriya regiondakı dünyəviliyin, sabitliyin və dinc yaşayışın son dayaq nöqtəsidir.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı Suriya Prezidenti Bəşşar Əsəd "Russia Today" telekanalına müsahibəsində deyib.
Əsədin sözlərinə görə, Suriyaya xarici müdaxilə olarsa, Atlantik okeanından Sakit okeanadək ölkələri və ümumilikdə bütün dünyanı əhatə edəcək zəncirvari reaksiya baş verəcək.
"Düşünmürəm ki, Qərb bu yolla gedəcək. Lakin bu baş verərsə, heç kim sonra nə olacağını proqnozlaşdırmaq iqtidarında deyil", - o qeyd edib.
"Əgər Suriyanı tərk etmək istəsə, hansı ölkəyə yollanacaq" sualına Əsəd belə cavab verib: "Suriyadan yalnız Suriyaya gedə bilərəm".
"Suriya ola biləcəyim yeganə yerdir. Mən Qərbin əlaltısı deyiləm ki, Qərbə və ya başqa yerə gedim. Mən suriyalıyam, Suriyada anadan olmuşam, bu ölkədə yaşamalı və ölməliyəm", - Prezident vurğulayıb.