 
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanı işğal edilmiş Azərbaycan ərazilərini azad etməyə çağırıb
Trend-in məlumatına  görə, bu barədə Lukaşenko MDB, Baltikyanı ölkələrin və Gürcüstanın Baş  Redaktorlar Klubunun üzvləri ilə görüşdə bildirib.
Onun sözlərinə  görə, Azərbaycan torpaqlarının işğalı uzun müddət davam edə bilməz.  Belarus Prezidentinin fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin həlli var. Bu məsələ müxtəlif istiqamətlər üzrə dəfələrlə  işlənib, buna görə də münaqişəni qısa müddətə həll etmək mümkündür,  lakin tərəflər siyasi iradə nümayiş etdirməlidirlər.
Dekabrın  10-11-də Minskdə 7-ci Avropa və Asiya Media Forumu keçirilir. Forumun  mövzusu "Postsovet məkanındakı inteqrasiya prosesləri və yeni media"dır.  Tədbirdə MDB, Baltikyanı ölkələr və Gürcüstanın 200-dən artıq qabaqcıl  KİV-inin rəhbərləri iştirak edirlər.
Lukaşenko vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşlər zamanı dəfələrlə bəyan edib ki, konstruktiv şəraitdə danışıqları davam etdirməyə hazırdır.
Belarus  Prezidenti, həmçinin qeyd edib ki, Azərbaycanın hərbi potensialının  artması təkcə Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ilə şərtlənməyib.
"Azərbaycan  güc deməkdir", - Lukaşenko deyib və əlavə edib ki, Azərbaycan kiçik,  lakin böyük diqqətin cəmləşdiyi zəngin ölkədir və Azərbaycan Prezidenti  bu şəraitdə təhlükəsizlik baxımından ölkənin imkanlarını genişləndirməyi  zəruri hesab edir.
Lukaşenko bildirib ki, buna görə də Prezident İlham Əliyev güclü orduya malik olmaq istəyir