"Azərenerji" ASC: "Elektrikin qəfil kəsilməsinin səbəbi məlum deyil"

Bu barədə "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəisi Yəhya Babanlı ANS-ə bildirib

Bu gün saat 11:55 radələrində paytaxt Bakıda, eləcə də respublikanın bir çox rayonlarında elektrik enerjisinin verilişində qəfil problem yaranıb. Paytaxtın Xətai, Nəsimi, Yasamal rayonu, eləcə də 3 mikrorayon dairəsi, Hövsan, Badambar qəsəbələrində işığın verilişində fasilələr yaranıb. Bir çox dövlət müəssisələrində eləcə də strateji əhəmiyyətli dövlət obyektlərində elektrik olmayıb. Bakı Metropoliteni isə tamamilə işıqsız qalıb. Hazırda metrostansiyalara giriş bağlanıb. Sərnişinlər isə polis və FHN-in köməyi ilə qatarlardan çıxarılıb.

"Azərenerji" ASC-nin mətbuat xidmətinin rəisi Yəhya Babanlı ANS-ə bildirib ki, problem operativ olaraq aradan qaldırılsa da, hadisənin nəyə görə baş verməsi məlum deyil.

"Bildiyimiz kimi bu gün saat 12.00 radələrində xoşagəlməz hadisə baş verib, ölkənin mərkəzində - Bakı şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranıb. Bu məsələ operativ olaraq aradan qaldırılıb. Abşeron yüksəkgərginlikli xəttdə açılma baş verib. Tez bir zamanda "Azərenerji" rəhbərliyi tərəfindən xüsusi göstəriş verilib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Məsələ araşdırılıb mütəmadi məlumat veriləcək, hazırda təchizatda problem yoxdur, şəbəkələr bu işlə məşğuldur", deyə Y. Babanlı qeyd edib.

Enerji sistemində yaranmış problemlə əlaqədar hazırda “Azərenerji” də iclas keçirilir. Fövqəladə iclasda ölkənin enerji sistemində yaranmış açılmalar, problemin yaranma səbəbləri və nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunur. İctimaiyyətə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyətindən ANS PRESS-in Qarabağ bürosunun verilən məlumata görə, bir neçə gün əvvəl qarın yağması ilə əlaqədar Mingəçevir DRES-də yaranmış problemin tam aradan qaldırılması üçün, yəni təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Mingəçevir DRES-də 8 blok-dan 2-nin fəaliyyəti dayandırılıb. Qəza aradan qaldırıldıqdan sonra həmin bloklar yenidən fəaliyyətə başlayacaq. Qeyd edək ki, bu gün səhər bütün 8 blok fəaliyyət göstərsə də 2 blokun fəaliyyətinin dayandırılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır.

В этом разделе