Vəkili Tale Bağırovla görüşə bilmir

“Təxirə salınmadan bədən xəsarətləri ilə bağlı məhkəmə tibb ekspertizası təyin edilməsini xahiş etsəm də, bunun edilməsi ləngidilir”

Martın 31-də Sabunçu polisi tərəfindən həbs olunan ilahiyyatçı Tale Bağırov vəkili ilə görüşə bilmir. Bu barədə  qəzetimizə vəkil Cavad Cavadov məlumat verdi. Onun sözlərinə  görə, hazırda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılan Hacı Tale Bağırovla görüşməsinə icazə vermirlər. Vəkil deyir ki, qanunvericiliyə əsasən saxlanılan şəxsin İstintaq Təcridxanasına köçürülməsini tələb etsə də, istintaq orqanları buna mane olur: “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 5.3-cü maddəsinə əsasən məhkəmə qərarına əsasən həbs edilmiş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Buna baxmayaraq 02 apreldə məhkəmə qərarı verilsədə və bu qərarda Taleh Bağırovun saxlanılma yeri Bakı İstintaq Təcridxanası müəyyən edilsə də o hüquqi əsas olmadan BMCMİ-nin Müvəqqəti Saxlama Təcridxanasında saxlanılır. Bu barədə vəsatət verilsə də cavab bunun da aparılması ləngidilir”.

Vəkil bildirib ki, bu gün növbəti dəfə Hacı Tale ilə görüşmək istəsə də BMCMİ-də saxlanılan şəxslərlə görüş üçün əlavə prosedurlar və maneələr tətbiq olunduğu üçün görüş keçirmək mümkün olmur: “Müvəqqəti saxlanılma təcridxanasında vəkil kimi Taleh Bağırovla maneəsiz görüşməyim mümkün olmur, mütləq müstəntiqlə əlaqə saxlamaq zəruridir, bu hal müəyyən çətinliklər yaradır. Bu gün bu əngələ görə Taleh Bağırovla görüş baş tutmamışdır”. /Musavat/

В этом разделе