Sərkisyanla sülhdən danışmağın mənası qalmadı

İşğalçı dövlətin prezidenti yenə dediyini deyir

Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirib. Xəbərlərdən məlum olduğu kimi o, “Exo Moskvı” radiostansiyasına müsahibəsində deyib ki, əslində erməni xalqı “1 santimetr ərazinin də” qaytarılmasını istəmir: “Digər tərəfdən, biz başa düşürük ki, istənilən qərar uzunmüddətli sülhə aparmalıdır. Ona görə də güzəştlər vacibdir. Əlbəttə, təminat lazımdır ki, belə uzunmüddətli sülh bərqərar olacaq. Amma azərbaycanlılar dediyi kimi yox: qoy hər şeyi qaytarsınlar, sonra Qarabağın taleyindən danışarıq. Belə olmaz”. Sərkisyan onu da deyib ki, münaqişənin nizamlanmasında Rusiya güclü rola malikdir və istəsə regionda silahlanmanın qarısını ala bilər.

Sərkisyanın açıqlamalarını şərh edən politoloqlar hesab edir ki, bunu, Ermənistanın son çırpıntıları kimi dəyərləndirmək olar. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyir ki, Sərkisyanın bəyanatının daha çox Rusiyaya mesaj xarakteri daşıdığı görünür. Çünki Ermənistan prezidentini Rusiyaya o qədər də güvənmir və hər an satıla biləcəklərindən narahatdır. Ona görə də hər şeyi Rusiyanın mərhəmətinə buraxmamaq üçün Ermənistanın maraqlarının çərçivəsini cızmaqla Medvedyev hakimiyyətinə mesaj verilir: “Sərkisyan ”Rusiya istəsə, regionda silahlanmanın qarşısını ala bilər" deməklə, əslində bunun əksini iddia edir və topu yenə rəsmi Moskvaya göndərir. Çünki o Rusiya tərəfindən Azərbaycana bir çox güclü silahların satıldığını bilir. Anlayır ki, Moskvanın Ermənistanın düşməni olan Azərbaycanı hərbi cəhətdən gücləndirməsi heç bir Rusiya-Ermənistan strateji müttəfiqliyinə sığmır və müharibə ehtimalında Rusiya çətirindən məhrum edir. Məhz buna görə Sərkisyan Azərbaycan ordusu ilə təkbətək qalmaq qorxusu ilə hər gün yuxusunu qarışdırır".
Ekspertin dediyinə görə, artıq Sərkisyanın nə deməsindən asılı olmayaraq Azərbaycan ordusu ciddi hazırlıqlarını tamamlayan kimi düyməyə basılacaq: “O gün çox da uzaqda deyil. Artıq Minsk Qrupu çərçivəsində danışıqlar formal xarakter daşıyır, Azərbaycan dövləti problemin danışıqlar yolu ilə həllinə inamını itirib. Ermənistan işğal altında saxladığı ərazilərdən dinc yolla çıxmaq fikrində deyil və danışıqları mümkün qədər uzadıb işğal faktını möhkəmləndirmək istəyir. Sərkisyanın dedikləri də Ermənistanın sülhdə maraqlı olmadığını təsdiqləyir”. /Yeni Müsavat/

В этом разделе