Respublika Prokurorluğu Respublika Narkoloji Dispanserinin baş həkimi barəsində başlanan cinayət işi ilə bağlı rəsmi məlumat yayıb
Respublika Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dispanserin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciəti əsasında toplanılan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə mayın 5-də cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsi ilə qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul tələb edərək alıb, həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, K. Vəliyeva xəstələrə pulsuz verilməli olan dərman preparatlarının xəstələrə verilməsini təmin etməyib və sair qanunsuzluqlara yol verib.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.