Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikası Parlamentinin aşağı palatası - Milli Assambleyanın deputatı Fəzlür Rəhmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə parlamentləri arasında əməkdaşlıq və bu əməkdaşlığın ölkələrimiz arasında münasibətlərə verdiyi töhfədən söz açılıb.
Məmmədyarov pakistanlı rəsmiyə ölkəsinin parlamenti tərəfindən Xocalı soyqırımını tanınmasına görə minnətdarlıq bildirib və bu addımın ədalətli olduğunu vurğulayıb. Həmçinin, nazir Azərbaycanın Pakistanı dəstəkləməkdə davam edəcəyini söyləyib.
Görüşdə dünyada islamofobiya meyilləri ilə bağlı narahatlıq ifadə olunub və ondan müsəlmanlarına qarşı irəli gələn yanaşmanın qəbuledilməzliyi qeyd edilib. Müsəlman ölkələri arasında dialoqun artırılması və həmrəyliyin vacibliyi vurğulanıb.
İki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.