QMİ-nin baş örtüyünə mövqeyi dəyişməzdir-Allahşükür Paşazadə

«Biz ölkə dindarlarına daim hörmətlə yanaşmışıq və yanaşırıq, bu, dinimizin əxlaqından irəli gəlir»

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu sözləri yanvarın 24-də “Təzə Pir”də yığılan dindarların uzaqlaşdırılması haqda xəbərləri Turana şərh edərkən deyib.
Son vaxtlar orta məktəblərdə yaşanan baş örtüsü məsələsilə bağlı dindarların narahatlığını başa düşdüyünü deyən A.Paşazadə, səlahiyyəti çərçivəsində dindarların istəklərini uyğun dövlət qurumlarının nəzərinə çatdırdığını qeyd edib.
Bununla yanaşı, QMİ sədri idarəyə gələn ayrı-ayrı dindar qruplarını özünün və idarə əməkdaşlarının qəbul etdiyini, onları dinlədiklərini söyləyib. “Yaxın günlərdə bir qrup dindar “Təzə Pir” məscidində olub, ölkə dindarlarının iradəsini ifadə etdiklərini deyiblər, mənimlə görüş istəyiblər, təmsilçilərlə görüşmüşəm, müraciətlərini qəbul etmişəm”, - deyə QMİ sədri nəzərə çatdırıb.
QMİ sədri yanvarın 24-də daha bir qrup dindarın əvvəlki qrup kimi eyni məzmunlu tələblə “Təzə Pir”ə gəldiyini, bu dindarların da görüş istədiklərini söyləyib. “Amma məram əvvəlki qrupla eyni olduğu üçün görüşə zərurət yox idi”, - deyə QMİ sədri mövqeyini ifadə edib. Bu dəfə dindarları qazi Faiz Nağızadə qəbul edib, onları dinləyib və istəklərini idarə rəhbərliyinə çatdırıb.
A.Paşzadə QMİ-nin səlahiyyətə malik dövlət qurumu olmadığını, səlahiyyətlərinin məscidlərin idarəçiliyilə sərhədləndiyini, hakimiyyət qurumlarının təmsilçilərilə görüşdə dindarların istəklərini çatdırdıqlarını deyib və dindarların bunu anlayışla qarşılamalarını istəyib.
QMİ sədri adından “Təzə Pir”də baş örtüsü ilə bağlı dini sənədi açıqlayacağı ilə bağlı dindarları məscidə çağıran sms-lər yayılmasına toxunan A.Paşazadə dini mərkəzin heç yerə belə ismarıclar göndərmədiyini nəzərə çatdırıb.
QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Baki İslam Universitetinin rektoru Sabir Həsənlinin “Salamnews” xəbərlər agentliyinə şərhində fikirlərinin təhrif olunduğunu deyib. Belə ki, S.Həsənli baş örtüsünə münasibətdə QMİ-nin mövqeyindən fərqli bir mövqeyi olmadığını deyib. Buna görə, R.Dadaşova agentliyin S.Həsənliyə isnadən bu məsələdə QMİ daxilində fikir ayrılığı olması haqda yaydığı xəbəri əsassız adlandırıb. (Deyerler.org)

В этом разделе