Prezident İlham Əliyev Barak Obamanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb

313news.net Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, məktubun mətnində deyilir:

Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qələbəniz dost Amerika xalqının Sizə inam və etimadının, həyata keçirdiyiniz daxili və xarici siyasət xəttinə dəstəyinin real ifadəsidir.

Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarını bütün sahələrdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə zonalarında sülhün və sabitliyin əldə edilməsi işində birgə iştirakımız dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.

İnanıram ki, Sizin növbəti prezidentliyiniz dövründə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraqlara və ümumi dəyərlərə əsaslanan strateji tərəfdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək, ölkələrimiz birlikdə beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar sahəsində sıx əməkdaşlığı uğurla davam etdirəcəklər.

Azərbaycan, həmçinin iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir.

Cənab Prezident, bir daha Sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2012-ci il.

В этом разделе