"ATƏT-in Minsk qrupu toplananda, Fransanın qurumdakı təmsilçiliyi məsələsi müzakirə oluna bilər"
“Fransanın Avropa institutlarında, ATƏT-də, ATƏT-in Minsk qrupunda iştirakı məsələsi ilə bağlı Türkiyə Prezidenti Abdullah Gül təkliflə çıxış edib. Yəqin ki, Minsk qrupu toplananda bu məsələ müzakirə olunacaq”, - Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə bildirib.
Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul etməsinə münasibət bildirən Həsənov deyib ki, bu bəzi dairələrin ermənilərdən türklərə qarşı istifadə etmək vasitəsidir. Onun fikrincə, bu hadisə Avropanın hazırkı inkişafı fonunda nonsensdir.
“Avropanın mərkəzində, Avropanın ictimai həyat normalarını müəyyən edən ölkədə düşüncə azadlığına görə insanları həbsə almaq, cərimə etmək orta əsr normalarına cavab verir”, - PA rəsmisi deyib.
Ötən həftə Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib. Yeni qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.