“Müstəqilliyin ilk dövründə Rusiya düşünürdü ki, bu ölkələr bir az sürünəcək, sonra sürünə-sürünə Moskvanın yanına gələcək. Amma bu gün belə deyil. Bu gün Azərbaycan və Gürcüstan Moskvanın təsirindən çıxıb. Avropada isə Ermənistanın Rusiyadan asılılığından danışırlar. Lakin yəqin ki, Ermənistan müstəqilliyi güzəştə getməyəcək. 1990-cı illərdə sorğular göstərirdi ki, ermənilər ölkələrinin gələcəyini Rusiya ilə yox, Avropa ilə görürlər”.
313news.net-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov “Qafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il və onun dərsləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.
R. Musabəyovun sözlərinə görə, Azərbaycan əhalisi SSRİ dövründə Cənubi Qafqaz əhalisinin 45 faizini təşkil edib, indi bu rəqəm 60 faizdən çoxdur: “İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın 70 faizini təşkil edir. Cənubi Qafqazın maliyyə imkanlarının 90 faizi demək olar ki, hazırda Azərbaycanın əlindədir. Azərbaycan iqtisadiyyatı Ermənistan və Gürcüstan iqtisadiyyatından 5-6 dəfə böyükdür. Bunu neftlə bağlaya bilərlər. Amma neft Azərbaycanda ənənəvi sahədir. İkinci tərəfdən isə neft müqavilələrini bağlamaq, icra etmək çətin məsələdir. Hətta bunu gündəmə gətirmək belə çətin oldu. İncə siyasət nəticəsində neft kəmərləri çəkildi və bu layihələrin çəkilməsi Azərbaycanın Rusiyadan asılılığını azaltdı. Demokratiyanın vəziyyəti ilə bağlı hesabatlarda Gürcüstanın önə çıxarılması bu ölkəyə kredit, investisiya yönəltmək məqsədi daşıyır. Bununla belə, Ermənistan və Gürcüstana istənilən investisiya da qoyulmayıb. Azərbaycanın infrastrukturu isə dəfələrlə inkişaf edib və gücləndirilib”.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini böyük uğur olduğunu qeyd edən R. Musabəyov ordu quruculuğuna da toxunub: “İlk illərdə Ermənistan ordu quruculuğunda irəlidə olsa da, artıq Azərbaycan bu sahədə çox irəli gedib. Bu gün Gürcüstan ABŞ vasitəsilə, ordu quruculuğu ilə məşğul olsa da, Azərbaycan öz imkanları hesabına inkişafa nail olur. Ermənistanın Rusiyadan asılılığı davam etdiyi müddətdə, Dağlıq Qarabağ münaqişəsi həll edilməyəcək və birgə regional layihələr olmayacaq”.