Nardaranda növbəti aksiya aprelin 5-də olacaq

Bakının Nardaran kəndində növbəti aksiya aprelin 5-də keçiriləcək

Məlumatı “Media forum”a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib: “Bugünkü aksiya gur oldu. Aksiyaya heç bir müdaxilə edilmədi, polis baş verənləri kənardan izlədi. İmam Hüseyn meydanına təkcə Nardarandan yox, paytaxtın digər kəndlərindən, rayonlardan axışıb gəlmişdilər. Meydanda böyük izdiham var idi.

Biz qanun aliliyi tələb edirik. Həbs edilən hər bir kəs şər, böhtanla deyil, öz hərəkətlərinə, əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Taleh Bağırov siqaret çəkməyən insandır, onu narkotik vasitələr istifadə etməkdə suçlayırlar”.

Aprelin 1-də Nardaranda keçirilən etiraz aksiyasında ilahiyyatçı Taleh Bağırovun həbsi pislənib, hicab məhbuslarına azadlıq tələb edilib. Aksiya iştirakçıları “Amerikaya ölüm!” şüarı səsləndirib, hakimiyyətin və dövlət başçısının ünvanına sərt fikirlər söyləyiblər.

Dörd ay əvvəl azadlığa çıxmış ilahiyyatçı Taleh Bağırov dünən həbs edilib. Sabunçu Rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Taleh Bağırovun əvvəlki həbsi 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyasına görə olub. 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən ilahiyyatçı 2012-ci ilin noyabr ayında azadlığa çıxıb.

В этом разделе