Müəllimlər İnstitutunda hicab qadağası götürüldü

Hacı İlqar İbrahimoğlu: “Zəhməti keçən hər kəsə təşəkkürümüzü bildiririk...”

Azərbaycan Müəllimlər İnstitutunda tələbə xanımlara qarşı hicab qadağası dünən də davam edib. Problemlə bağlı monitorinq aparan Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu deyerler.org saytına açıqlamasında qadağanın ötən gün də qeydə alındığını bildirib.


Hüquq müdafiəçisi insan haqlarının bərpası istiqamətində tədbirlərin davam etdirildiyini deyib: “Artıq bəzi müsbət nəticələr var. Təhsil Nazirliyi rəsmilərinin dərsə buraxılmayan tələbələrin qaibləri ilə bağlı sərgilədikləri mövqe xüsusilə təqdir edilməlidir. Belə ki, nazirlik rəhbərliyi bu gün (dünən -red.) ANS telekanalına açıqlamasında qaiblərin üzrlü sayılacağı ilə bağlı vəd verib. Eyni zamanda Ombudsman Aparatının apardığı profilaktik tədbirlərin nəticəsi yəqin ki, yaxın günlərdə özünü göstərəcək. Həmçinin KİV-in, vətəndaş cəmiyyətinin baş verən hüquq pozuntusuna operativ və prinsipial mövqe sərgiləməsi də prosesin müsbətə dəyişməsinə təsir göstərməkdədir. Mümkün olan bütün addımlar atılır”.

Yazı hazırlanarkən DEVAMM sədrindən sevindirici xəbər aldıq: “Elə bu dəqiqələrdə rektorat sabahdan tələbələrin buraxılmasını bəyan edib. Allaha şükür ki, bu günlük Müəllimlər İnstitutunda hicab problemi həllini tapdı. DEVAMM monitorinqini sabah (bu gün -red.) da davam etdirəcək. Zəhməti keçən hər kəsə təşəkkürümüzü bildiririk”.

Ümid etmək qalır ki, ali məktəblərimizdə bir daha belə problem yaşanmayacaq. Çünki dünyanın nüfuzlu ali təhsil ocaqlarında da belə qadağa yoxdur. Bunu deyerler.org saytının əməkdaşlarının keçirdiyi sorğu da təsdiqləyir. Məsələn, Kembric Universitetinin “Asiya və Orta Şərq” fakültəsinin professoru Çarls Milvel Azərbaycanda hicab qadağasını şərh edərkən bildirib ki, onun dərs dediyi məşhur universitetdə belə bir halın yaşanması mümkün deyil. Professor hicabın hər bir insanın şəxsi seçimi olduğunu vurğulayıb. Qeyd edib ki, çalışdığı Kembric Universitetində hicabla bağlı heç bir qadağa yoxdur və müsəlman tələbələr özlərini çox rahat hiss edirlər.

Həmin universitetin Teoloji Araşdırmalar Mərkəzinin professoru Leyla Dəmiri isə nə öz universitetlərində, nə də başqa universitetlərdə belə bir halın yaşanmadığını bildirib. “Nə dünyanın iki universitetindən biri olan Kembricdə, nə də İngiltərənin digər universitetlərində hicab qadağası mövcud deyil. Burada xanımlar hicabla gəzməkdə sərbəstdirlər. Hicabı qadağan etmək yanlış bir siyasətdir”.

Dünyanın ən qabaqcıl təhsil ocaqlarından olan ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun rəsmisi də onların universitetində belə bir qadağanın olmasını mümkünsüz sayıb və bildirib ki, ali məktəbin bütün binalarında hicablı tələbələr sərbəst hərəkət edirlər. İnstitutun mətbuat katibinin sözlərinə görə, təhsil müəssisəsində hicabın qadağası çox pis haldır.

Göründüyü kimi, məşhur dünya təhsil ocaqlarında hicab qadağası yoxdur. Özü də bu o ali məktəblərdir ki, onlardan adətən gələcəyin ən qabaqcıl korporasiyalarının rəhbərləri, ölkə prezidentləri, baş nazirlər, professorlar, müəllimlər çıxır. Bunu da bəzi təhsil məmurlarının ciddiyə alması üçün yazdıq.


TAMERLAN

 

В этом разделе