Korrupsiya itiham ilə cinayətə cəlb edilən baş həkimdən maraqlı açıqlama

Könül Vəliyeva “yuxarılara hesabımı verdim” deyib


Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin baş həkimi Könül Vəliyevanın özbaşınalıqları haqda redaksiyamıza yeni məlumatlar daxil olub. Redaksiyamızı məlumatlandıran mənbə bildirib ki, K.Vəliyevanın həyat yoldaşı Əli Təhməzov Rabitə Nazirliyində şöbə müdiri vəzifəsində işləyir. Bundan əlavə, Səhiyyə Nazirliyinin rəhbərliyində olan şəxslər K.Vəliyevaya himayədarlıq edirlər. Buna görə də K.Vəliyeva dispanserdə istədiyi kimi qərarlar verir və pul yığır. K.Vəliyevanın dispanserdə pul yığmaq məsələsinə Xədicə adlı işçinin baxdığı bildirilir. Mənbə bildirdi ki, dispanserdə müalicə alan hər bir narkoman xəstədən ayda alınan puldan 250 manatı, alkoqollu xəstədən alınan puldan isə 50 manatı K.Vəliyevaya çatır.

Dispanserdəki mənimsəmələrdən söz açan mənbə iddia edir ki, dispanserdə bir xeyli ştat var ki, ora yazılan maaşları dispanser rəhbərliyi götürür. Yəni ştat olsa da real işçi yoxdur. 

Mənbə onu da bildirib ki, srağagün günün ikinci yarısında K.Vəliyeva kollektivin qarşısında “yuxarıların hesabını verdim, işimdə qalacam və görün sizin başınıza nə oyun açacam” deyib. 

Qeyd edək ki, iyunun 7-də Respublika Prokurorluğu K.Vəliyeva haqqında Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanması haqda məlumat yayıb. Məlumatda bildirilirdi ki, dispanserin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161" nömrəli ”Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciəti əsasında toplanılan material üzrə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə mayın 5-də cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi K.Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsilə qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul tələb edərək alıb, həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, K.Vəliyeva xəstələrə pulsuz verilməli olan dərman preparatlarının xəstələrə verilməsini təmin etməyib və sair qanunsuzluqlara yol verib. Hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Yazı ilə bağlı K.Vəliyevanın mövqeyini çap etməyə hazırıq.

musavat.com

В этом разделе