Jirinovskidən Rusiyanın Bakıdakı səfirinə etiraz

Rusiya Liberal Demokrat Partiyası ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxinin “Exo Moskvı” radiostansiyasının baş redaktorunun müavini Sergey Buntmanla bağlı insidentə reaksiyasını qəbuledilməz hesab edir.

APA-nın məlumatına görə, bu barədə PLDP sədri, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovskinin xarici işlər naziri Sergey Lavrova ünvanladığı məktubda bildirilir. 

Jirinovski məktubunda qeyd edib ki, heç bir vəchlə Azərbaycanın hüquqularını məhdudlaşdırmaq iddiasında deyil, amma Rusiya XİN bu məsələdə daha aktiv mövqe tutmalıdır: “Müstəqil dövlət öz ərazisinə kimi buraxıb-buraxmamağa qərar vermək hüququna malikdir. Lakin Rusiya səfirindən öz ölkəsinin vətəndaşlarının hüquqularını qorumağı gözləyirik. Bizi narahat edən məqam Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin mövqeyidir. Hesab edirik ki, Rusiyanın xarici ölkələrdəki səfirləri öz vətəndaşlarının hüquqlarını müdafiə etməlidir, bu hüquqları tapdamamlıdır”. 

Xatırladaq ki, Azərbaycan XİN işğal olunmuş ərazilərə səfər etdiyinə görə Sergey Buntmanı “persona non qrata” elan edib və ona Azərbaycan ərazisinə gəlməyə qadağa qoyub. Bu məsələni şərh edən Rusiya səfiri Vladimir Doroxin bildirib ki, Buntmanın adının “qara siyahıya” salınması Azərbaycanın suveren hüququdur: “Azadlıq – azadlıqdır. Lakin azadlıq həm də məsuliyyət hissi və başqalarının hüquqlarına hörmət deməkdir. Venediktova belə bəyanatlar verməyi qadağan edə bilmərəm. Lakin demək istəyirəm ki, o istənilən hərəkətin müəyyən nəticələr verə biləcəyini anlamalıdır. O aydın şəkildə təsəvvür etməlidir ki, bu, hansı nəticələrə gətirib çıxara bilər”.

 

В этом разделе