İndoneziya Dağlıq Qarabağ münaqişəsinə görə ölkədə Ermənistan səfirliyinin açılmasına icazə verməyib

"İndoneziya Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır"

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Alienin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə O. Əsədov bildirib ki, İndoneziya beynəlxalq təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləyir və müdafiə edir, qarşılıqlı ticarət dövriyyəsi durmadan artır.

Spiker deyib ki, Azərbaycan Dillər Universitetində İndoneziya dili kafedrasının fəaliyyətə başlaması ölkəmizdə qarşılıqlı əməkdaşlığımıza xüsusi önəm verilməsinin bariz təzahürüdür. Sədr diqqətə çatdırıb ki, İndoneziyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə daim kömək göstərməsi və buna görə bu yaxınlarda Ermənistanın İndoneziyada səfirliyinin açılmasına razılıq verməməsi ölkəmizdə yüksək qiymətləndirilir. Marzuki Alie isə bildirib ki, İndoneziya həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşır. Qonaq qeyd edib ki, İndoneziya Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır. Qonaq bu münaqişə zamanı Xocalı əhalisinə qarşı aparılmış soyqırımını pislədiyini və bundan çox narahatlıq keçirdiyini bəyan edib.

В этом разделе