İlham Əliyev: “ Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan isə zəifləyir"

“Məndə heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir"

 

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident qeyd edib ki, ölkənin beynəlxalq təşkilatlarda fəaliyyəti çox təsirlidir: “ Azərbaycan ikinci ildir ki, BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ən mötəbər qurumda bütün məsələlərlə bağlı öz prinsipial sözünü deyir və deyəcək”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan prezident bir daha qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb, heç vaxt olmayacaq: “Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik və çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə bu münaqişəni həll edək. Bu münaqişənin həlli beynəlxalq hüquq normaları əsasında olmalıdır, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan çəkilməlidir”.

 

Prezident bildirib ki, Azərbaycan bundan sonra da özünün siyasi, iqtisadi, hərbi gücünü artıracaq: “Bu, bizim suveren hüququmuzdur”.

“Məndə heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir” deyən prezident qeyd edib ki, bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür: “Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür – Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcək”.

 

В этом разделе