Həm evlərini sökür, həm də döyürlər

Neftçilər prospekti, 61-də söküntünü aparan “Azinko” şirkətinin işçiləri isə geri çəkilmir.

Neftçilər prospekti, 61 ünvanında sakinlərlə “Azinko” şirkəti arasında baş verən qarşıdurma zamanı 3 ailə polis zorakılığına məruz qalıb. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “Azinko Holdinq” şirkətinin sahibi, deputat Malik Həsənov bu ünvanda söküntü işini davam etdirərkən şirkət işçiləri ilə sakinlər arasında insident yaşanıb. Bu məlumatı qəzetimizə ərazidə yaşayan sakinlər verib.

Bir neçə gün qabaq 7 ailənin evini başına uçuran şirkət yerdə qalan 3 ailənin də evini uçurmağa cəhd edib. Bina sakinlərindən biri - Nuranə Şahverdiyeva deyir ki, söküntü zamanı əraziyə polis də gəlib: “Bu gün (dünən-red.) yenidən ağır texnika ilə evlərə hücum etdilər. Artıq 7 ailənin evi yerlə-yeksan edilib. İndi də digər evləri dağıtmağa cəhd edirlər. İndi burada 13 ailədən cəmi 3-ü qalıb. Biz də israrla evlərimizi tərk etməyəcəyimizi deyirik. Qanunsuz olaraq söküntünü aparan ”Azinko" şirkətinin əməkdaşlarına da dedik ki, evlərimiz başımıza uçulsa da buranı tərk etməyəcəyik. Əgər biz burada ölsək, məsuliyyət aidiyyəti qurumların üzərində qalacaq. Ona görə də evimizdən çıxmırıq. Əgər evimizi tərk etsək, dərhal buranı sökəcəklər. Bu gün də ağır texnika ilə evlərə hücum edəndə özümüzü maşınların qabağına verdik ki, söküntünü dayandırsınlar. Bu zaman əraziyə polislər gəldi. Polis kişiyə, qadına baxmadan hamıya hücum elədi. Qızımın boynundan tutub ona işgəncə verdilər. Onun günahı yox idi. Sadəcə polisin vurub yıxdığı qonşu qadına kömək etmək istəyirdi".
N.Şahverdiyeva dövlət orqanlarının da məsələyə reaksiya verməməsindən narahatdır: “Qəribədir ki, dəfələrlə mətbuatda hadisənin işıqlandırılmasına baxmayaraq heç bir dövlət qurumu məsələyə münasibət bildirmir. ”Azinko" şirkəti bir dəfə də olsun çıxıb jurnalistlərə açıqlama vermir. Hətta bir dəfə demişdilər ki, evlərin hər kvadratmetrinə 1500 manat təzminat ödəyəcəklər. İndi onu da demirlər. Heç bir evlə də təmin etmirlər. Sadəcə evləri uçurtmaqla məşğuldurlar. Buna görə də biz müraciətlərimizi gücləndirəcəyik. Hətta evlərimizi tamamilə söksələr də bu işdən əl çəkməyəcəyik. Bütün növ etiraz aksiyalarına əl atacağıq ki, hüquqlarımızı bərpa edək".
Qeyd edək ki, “Azinko” şirkətinə məxsus texnika şənbə günü evlərin üstünə sürülmüş, 7 ailənin evi buldozerlə dağıdılmışdı. Hadisə zamanı polislər də insanları zor gücünə küçələrə tökmüşdü. Buna baxmayaraq “Azinko” şirkəti mətbuata açıqlama vermək istəmir. Əvvəl şirkətin əməkdaşları gecə saatlarında evləri dağıtmağa cəhd edirdilər. İndi isə evlər gündüz günorta çağı dağıdılır.
Bu ünvandakı ikimərtəbəli yaşayış binasının sökülməsi haqda sakinlərə heç bir sənəd təqdim olunmayıb. Bir neçə gündür ki, insanlar yatdıqları yerdə onların evinə hücum olurdu. Lakin sakinlər özlərini maşınların qarşısına verərək evlərin sökülməsinə mane olurdular. Sakinlər Əmlak Komitəsinin şöbə müdiri Yusif Qəmbərov və “Azinko” şirkətinin işçisi Rüfət Əhmədov vasitəsilə təhdid olunduqlarını deyirlər. Onlar gecə saatlarında evlərindən qiymətli əşyalarının oğurlandığını da bildirirlər. Sakinlər dəyəri 300 min manatdan çox əşyanın “Azinko” əməkdaşları tərəfindən gecə vaxtı evlərdən oğurlandığını iddia edir.

Müsavat qəzeti

В этом разделе