Müqəddəs Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvar Sadıxov Təbib Süleyman oğlu vəfat edib
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Məlumata görə, 1947-ci il təvəllüdlü T. Sadıxov Məkkədən Mədinəyə avtobusla gedərkən səhhəti pisləşib. Zəvvar xəstəxanaya çatdırılsa da, ürəktutmadan dünyasını dəyişib.
Əslən Füzuli rayonundan olan Bakı şəhər sakini T. Sadıxov noyabrın 4-də Bəqi qəbiristanlığında dəfn ediləcək.
T. Sadıxov dünyasını dəyişərkən onun yanında birlikdə Həcc ziyarətinə getdiyi yaxın qohumu da olub.
Qeyd edək ki, bununla da cari ildə Həcc ziyarətində vəfat edən zəvvarların sayı iki olub. Belə ki, oktyabrın 20-də Həcc ziyarətində olan 1947-ci il təvəllüdlü Bakı sakini Raziyə Hidayətova da dünyasını dəyişib.