Gələn aydan Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaq
ANS TV-nin xəbərinə görə, Ermənilərin yalan informasiya müharibəsinin qarşısını vaxtında almaq üçün artıq onların dili ilə danışılacaq. Gələn aydan Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəz Ermənistanda baş verən hadisələrin Azərbaycanda geniş ictimaiyyətə ötürülməsindəki boşluğu doldurmağı hədəf götürüb. Ermənistanın Azərbaycana qarşı fəaliyyətinin vaxtında qarşısını almaq üçün Mərkəz əhatəli elmi-analitik araşdırmalar, təhlillər aparacaq, gündəlik erməni mediasını izləyəcək.
Yaxın günlərdə Mərkəz universitetdə xüsusi otaqla, lazımi avadanlıqla təmin ediləcək. BDU-nun Erməni Araşdırmaları Elmi Mərkəzinin rəhbəri Qafar Çaxmaqlının sözlərinə görə, bura ermənişünas alimlər, erməni dilini bilən tədqiqatçılar cəlb olunacaq. Bütün komanda Ermənistanın işğalçılıq siyasətini elmi sübut və dəlillər əsasında çevik şəkildə ifşa etməyə səfərbər olunacaq. Qafar Çaxmaqlının sözlərinə görə, Mərkəzin təhlilləri və məlumatları ictimaiyyət üçün açıq olacaq, kütləvi informasiya vasitələrinə pulsuz veriləcək. İndi əsas iş Mərkəz ətrafına xüsusilə gənc və çevik qüvvələrin toplanmasıdır. Qeyd edək ki, artıq Bakı Dövlət Universitetində Qafqazşünaslıq ixtisası üzrə erməni dilini bilən ixtisaslı kadrların hazırlanması həyata keçirilir.
Ermənişünas alim İsrafil Məmmədov hesab edir ki, erməni təbliğatını ifşa etmək üçün internetdə xüsusi kampaniyaların aktivləşdirilməsinə ehtiyac var. Eləcə də bu istiqamətdə çalışan araşdırma mərkəzlərinin işinin koordinasiyasi gücləndirilməlidir.