“Azərbaycanın strateji mövqeyi ölkəni qlobal enerji infrastrukturu mərkəzinə çevirib. Bu imkanlar eyni zamanda Azərbaycanı təhlükəsizlik problemləri ilə üz-üzə qoyur”.
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalında çıxışında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi, ölkə ərazilərinin işğalı Azərbaycanın Qərbə inteqrasiyasını çətinləşdirir: “Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyon qaçqın və məcburi köçkün ordusu yaranıb. Ermənistan Azərbaycanın mədəni-tarixi abidələrinin talanmasını həyata keçirir və etnik təmizləmə siyasəti aparır. Baxmayaraq ki, BMT-nin Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnaməsi mövcuddur, Ermənistan hökuməti bu qərarlara əhəmiyyət vermir. Biz bilirik ki, Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması ölkənin, həmçinin regionun inkişafına böyük təkan verəcək”.
Elnur Aslanov Ermənistanın öz ərazi iddialarından əl çəkmədiyini deyib: “Bu mövqe Ermənistanın sosial-iqtisadi vəziyyətini daha da çətinləşdirir. Keçmiş SSRİ ölkələri arasında Ermənistan ən uğur qazanmayan dövlətdir. Biz Dağlıq Qarabağa Azərbaycan ərazi bütövlüyü çərçivəsində ən yüksək statusunun verilməsinə hazırıq. Lakin Ermənistan hakimiyyəti qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Bundan isə Ermənistan əhalisi əziyyət çəkir və ölkə beynəlxalq və regional layihələrdən kənarda qalır. Bizim regional üstünlüklərimiz sülhə, əmin-amanlığa hesablanıb. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə uğur qazana bilməz. Biz sülh və əmin-amanlığın tərəfdarıyıq”.