İran prezidenti jurnalistlərin Ermənistanla bağlı sərt suallarına məruz qalıb
Bakıda səfərdə olan İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad dünən mətbuat konfransı keçirdi. Qurban bayramı günlərində Azərbaycana səfər etdiyinə görə şükranlığını bildirən İran prezidenti NATO və ABŞ-ın ünvanına sərt mesajlar səsləndirdi.
Mətbuat konfransında İranın işğalçı Ermənistanla əlaqələri barədə jurnalistlərin suallarına cavab verməkdən yayınan Əhmədinejad bunları bildirdi: “Biz bir-birimizlə qonşuyuq və qonşu olaraq yaşayacağıq. Problem danışıq yolu ilə həll olunmalıdır. Biz regionda olmayan dövlətlərə müraciət edirik ki, təzyiqlərini azaltsınlar. Əgər onların təzyiqi olmasa, bu məsələ həllini tapacaq”.
Azərbaycanlı jurnalistləri ən çox maraqlandıran isə İranın təcavüzkar Ermənistana yardım göstərməsi, əlaqələrini inkişaf etdirməsi idi. Odur ki, bu məsələ ilə bağlı növbəti suallar səsləndi. Əhmədinejad isə sualın təkrar olduğunu deyərək cavablandırmaqdan imtina etdi. Belə olan halda İran prezidenti media mənsublarının təpkisi ilə üzləşib. Media mənsubları ardıcıl şəkildə İran-Ermənistan əlaqələri barədə sualı təkrarladı. Ancaq prezident “bayaqdan bu sualı vermək üçün çalışırdınız” deyərək təkrar olduğu üçün cavablandırmaqdan imtina etdi və brifinqi yekunlaşdırdı.