Əhmədinejad Bakıda mətbuat konfransı keçirdi

Əhmədinejad Bakıda mətbuat konfransı keçirdi

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Azərbaycanda rəsmi səfərdədir.

Press7-nin verdiyii xəbərə görə, bu gün İranın dövlət başçısı "Excelsior hotel"də media nümayəndələri üçün mətbuat konfransı keçirib.

İran prezidenti çıxışında deyib: "Dünyanın əsas problemi materialistik düşüncə tərzindən qaynaqlanır. Bu da ki, ciddi problemlər yaradır. Dünyanın sərvətləri bərabər bölünmür, bunlar bir dəstə kapitalistin əlində cəmləşib. Lakin onlar heç bir problemi həll etmək iqtidarında deyillər. Bəşəriyyətin problemlərini hamı əl-ələ verib həll etməlidir".

Daha sonra Əhmədinejad çıxışını belə davam etdirib: "Siz azərbaycanlılar böyük mədəniyyətə malik xalqsınız. Bütün millətlər birləşərək, xalqların sərvətlərini özlərinə qaytarmalıyıq. Mən çox xoşbəxtəm ki, qurban bayramında Azərbaycandayam".

Onun sözlərinə görə, Bakıda Prezident İlham Əliyevlə hərtərəfli danışıqlar keçirilib. "İran və Azərbaycan arasındakı münasibətlər iki qonşu və dost dövlətin münasibətlərindən daha genişdir. Bu, iki qardaş xalqın münasibətləridir və heç kim onlara təsir edə bilməz", - Əhmədinejad qeyd edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-sentyabr aylarında İranla mal dövriyyəsi 167,26 milyon dollar təşkil edib. Bunun 76,87 milyonu İrandan idxalın, 90,39 milyonu isə bu ölkəyə ixracın payına düşüb.

Azərbaycan və İran hazırda qaz sahəsində, elektrik enerjisinin mübadiləsi üzrə əməkdaşlıq edir.

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr (296,5 kilometri Azərbaycan ərazisində) olan Qazı Məmməd - Astara - Bind-Biand qaz kəməri əlaqələndirir. Marşrut 1971-ci ildə istismara verilən Qazax - Astara - İran boru kəmərinin qoludur. Bu istiqamətdə üç - Qazı Məmməd, Ağdaş və Qazax kompressor stansiyaları tikilib. Boru kəmərinin diametri 1200 millimetridir.

Hazırda ARDNŞ Astara rayonunda yeni kompressor stansiyası tikir ki, bu da ilin sonunadək İrana qaz nəqlini artırmağa imkan verəcək.

Hazırda Azərbaycan qazının İrana nəqli Naxçıvan MR-in qazla təmin olunması üçün həyata keçirilir. Astarada stansiyanın genişləndirilməsi nəticəsində  Muxtar Respublika qazla tamamilə təmin ediləcək. Sərbəst həcmlərin yaranacağı təqdirdə, ARDNŞ-nin artıq qazı İrana satmaq imkanı yaranacaq. İran tərəfi bir neçə dəfə bildirib ki, ildə beş milyard kubmetrə qədər Azərbaycan qazını ala bilər.

В этом разделе