Milli Məclisin iyunun 10-da keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilib.
Dəyişikliyə görə, islam dini icmaları bundan sonra Qafqaz Müsəlmanları İdarəsinə hesabat verəcəklər. Qanuna “Peşəkar dini fəaliyyət və din xadimi” adlı maddə əlavə edilib. Bu maddəyə əsasən, peşəkar dini fəaliyyət - dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin, xütbələrin oxunmasına, dini qurumun inzibati və təşkilatı idarəsinə yönəlmiş fəaliyyətdir.
Yeni redaktəyə görə, din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. Qanuna başqa bir əlavədə deyilir: “Dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabların öyrənmə kursları həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır”.
Qanunun 8-ci maddəsinin 1-ci hissəsində “ibadət” sözündən sonra “etmək” sözü, dindar sözündən əvvəl isə “yetkinlik yaşına çatmış” sözləri əlavə edilir.
8-ci maddəyə əlavə olunan 4-cü hissəyə görə, islam dini icmaları məscidlərdə Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradılır.
9-cu maddənin 4-cü hissəsində “ziyarətgahlar, dini təhsil müəssisələri və dini qardaşlıqlar” sözləri “dini təhsil müəssisələri” sözləri ilə əvəz edilib.
12-ci maddənin 1-ci hissəsinin ikinci cümləsinin yeni redaktədə verilməsi təklif olunub: "Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər".
12-ci maddənin 2-ci hissəsindəki birinci cümlədə “10 nəfər yetkin yaşlı şəxs” sözləri “50 nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri” sözləri ilə əvəz edilib və “əsasnamə” sözü çıxarılıb.
12-1-ci maddəyə “Dini mərkəz və idarələr dini icmalar barədə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş məlumatlara malik olduqda həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar” məzmunlu 3-cü hissə əlavə edilib.
16-cı maddənin 2-ci hissəsinin bu redaktədə verilməsi təklif olunub: “Dövlət mülkiyyətində olan dini təyinatlı binalar və digər əmlak dini qurumların əvəzsiz istifadəsinə verilə bilər”.
"Media forum"