İftar mərasimində prezident İlham Əliyev də iştirak edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimini Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə açıb. O, müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bunu İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu söyləyib.
Prezident İlham Əliyev gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət ilə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını, bütün millətlərin nümayəndələrinin bir ailə kimi yaşadıqlarını qeyd edib. Prezident İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın islam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini deyib
Sonra Qurani-Kərimdən ayələr və Ramazan duası oxunub, iftar süfrəsi açılıb.
İftar mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət nümayəndələri, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri, dini icmaların təmsilçiləri, Milli Məclisin deputatları iştirak ediblər.