Dini komitə və idarə ibadət evlərinin taleyi ilə bağlı konkret söz deyə bilmir.
Bir müddət öncə Bakıda ibadət evlərinin üzərində dolaşan “qara buludlar” hələ də çəkilməyib. Yetmiş il anbarlara və kinoklublara çevrilmiş məscid binaları təzə-təzə qurtulmuşdu ki, onların bəzilərinin qapıları yenidən qıfıllandı.
Ötən ildən qapadılan məscidlər hələ də fəaliyyətsizdir. Onların bir neçəsi təmir-tikinti, bəziləri isə qanunsuz tikili adı altında kilidlənib, uçurulub. Analoji proses bölgələrdə həyata keçirilib. Hazırda “Şəhidlər camesi”, “Peyğəmbər”, “Əbu-Bəkr”, Yeni Günəşlidəki “Fatimeyi-Zəhra” məscidlərinin qapıları bağlıdır. Sözügedən məscidlərdə ibadət edən insanlar bir çox çətinliklərlə qarşılaşırlar. Onların əksəriyyəti isə ərazidə yaşayanlardır. Ramazan ayında ibadət edənlər uzaq məscidlərə getməkdə nisbətən problemlərlə rastlaşırlar.
Məsələ ilə bağlı öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb adıçəkilən məscidlərin taleyinə rəsmi aydınlıq gətirilməsinə çalışdıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Saleh Aslanov bildirdi ki, məscidlərlə bağlı heç bir yenilik yoxdur: “Bildiyiniz kimi ”Əbu-Bəkr" məscidi məhkəmə hökmü ilə bağlanıb. “Fatimeyi-Zəhra” məscidi isə artıq Qafqaz Müsəlmanları İdarəsinin sərəncamındadır. Məndə olan məlumata görə, “Şəhidlər” camesində təmir prosesi gedir. Başqa hansısa məscidin bağlanması barədə məndə məlumat yoxdur".
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin əməkdaşı Rəhimə Dadaşovanın məsələyə münasibəti isə belə oldu: “”Fatimeyi-Zəhra" məscidi ilə bağlı hələ də hüquqi məsələlər həllini tapmayıb. Hazırda məsciddə təmir işləri davam etdirilir. Bütün işlər yekunlaşdıqdan sonra bizim idarə tərəfindən din xadimi təyin olunacaq və məscid fəaliyyətini davam etdirəcək". Qurumun əməkdaşı bağlanan digər məscidlər barədə məlumatsız olduğunu söylədi.
Qeyd edək ki, hazırda ölkə ərazisində 1750 məscid var ki, onun 100-ə yaxını fəaliyyət göstərir. /Yeni Musavat/