“İnter”in “Mika” üzərində qələbəsi bədnam qonşularımıza yer edib
Azərbaycan çempionu “İnter”in “Birlik Kuboku” çərçivəsində Ermənistan klubu “Mika”ya 4:0 hesabı ilə qalib gəlməsi bədnam qonşularımız tərəfindən böyük əks-səda ilə qarşılanıb. Ermənistanın “Armenian Report.com” xəbər portalı “İnter”in zəfəri barədə xüsusi yazı hazırlayıb. Materialda “İnter”in “Mika”nı rüsvayçı məğlubiyyətə uğratdığı xüsusi vurğulanır. “Mika”nın hər futbolçusuna Azərbaycan çempionu üzərində qələbəyə görə 50 min dollar mükafat vəd olunduğunu bildirən müxbir bunun da heç nəyə yaramadığını bildirib. Məqalədə azərbaycanlı futbolçuların ustalıq səviyyəsinin ermənilərdən çox yüksək olduğu vurğulanır.
"“”İnter” istəsə idi “Mika”nın qapısından daha çox top keçirə bilərdi. Erməni futbolçular isə “İnter”in qapısı qarşısında bir dənə də olsun real qol vəziyyəti yarada bilmədilər. Nə qədər təəssüf doğuracaq fakt olsa da onu deməliyik ki, “Mika”nın heyətində Ermənistan yığmasının şərəfini qoruyan futbolçular yer alır”, - deyə məqalədə qeyd edilir.
Yazıda həmçinin Ermənistanın bir vaxtlar Zaqafqaziyada ən güclü futbol ölkəsi sayılsa da indi Azərbaycanın futbolun inkişafına görə Ermənistanı üstələdiyi də bildirilir. “Azərbaycanlıların ermənilərə futbolda qalib gəlməsi onu göstərir ki, Ermənistan prezidentinin Azərbaycan və Türkiyəyə meydan oxuması boş şeydən başqa bir şey deyil”, - deyə yazıda qeyd edilir./ANSPRESS/