Azərbaycan prezidenti Birləşmiş Ştatlar, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatına münasibət bildirib
28 May Respublika günü münasibəti ilə bu gün “Buta Palace”da təntənəli mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısı çıxışı zamanı Qarabağ nizamlanmasına toxunub. Konkret olaraq İlham Əliyev “G8” sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Birləşmiş Ştatlar, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatına münasibət bildirib. Prezident bir daha bəyan edib ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq: "Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Biz ümid edirik ki, danışıqlar öz nəticəsini verəcək”.
Bu ümidləri möhkəmləndirən amillərin son aylar ərzində kifayət qədər çox olduğunu deyən İlham Əliyev qeyd edib ki, ilk dəfə olaraq son aylar ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatlar verilməyə başlayıb.
“Belə dəqiq və ciddi bəyanatlar eşitməmişdik. Yəni status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğal edilmiş torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Dünən Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatı da verildi. Bu bəyanatda da təxminən oxşar fikirlər səslənir ki, məsələ tezliklə öz həllini tapmalıdır. Biz də bunun tərəfdarıyıq", - deyə dövlət başçısı vurğulayıb. /ANS/