"Dağlıq Qarabağa yalnız kasıbları göndərirlər. Qarabağa getməmək üçün 6-8 min dollar rüşvət verməlisən”
Ordudan fərarilik edərək Azərbaycan tərəfə keçmiş Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Karen Harutunyan bu addımının səbəblərini APA-ya açıqlayıb. K.Harutunyan hərbi hissədə hər gün döyüldüyünü, ondan pul tələb edildiyini söyləyib: “Bildirirdilər ki, pul verməsəm, məni öldürəcəklər. Hətta məni zorlamağa cəhd etdilər, insan ləyaqətini alçaldan təhqirlərə məruz qaldım. Ayaqyolu təmizləməyə məcbur edildim. Barmağımı sındırdılar. Bundan sonra qaçmağa qərar verdim”.
K. Harutunyan bu cür halların Ermənistandakı bütün hərbi hissələrdə baş verdiyini vurğulayıb: “Dağlıq Qarabağa yalnız kasıbları göndərirlər. Qarabağa getməmək üçün 6-8 min dollar rüşvət verməlisən”. Karen Ermənistanda yaşamaq və çalışmağın mümkün olmadığını, insanların normal qidalana bilmədiyini, hər kəsin Serj Sarkisyanın hakimiyyətdən getməsini istədiyini, bu tələblə mitinqlər keçirildiyini deyib. O, hərbi hissədən qaçarkən Türkiyəyə keçməyi planlaşdırdığını, sərhədi keçdikdən sonra Türkiyədə olduğunu zənn etdiyini bildirib: “Sərhədi keçərkən bir uşaq gördüm. Əl işarələri ilə izah etdim ki, su və yemək istəyirəm. O, məni evinə apardı. Mənə siqaret, su və yemək verdilər. Sonra dincəldim”.
K. Harutunyan üçüncü ölkəyə getmək niyyətində olsa da, Azərbaycanda özünü yaxşı hiss etdiyini söyləyib: “Bura gəldikdən sonra məni müalicə etdilər. Yeməklə bağlı problem yoxdur, hər şey normaldır. Ailəm mənə görə narahat olmasın”.
Xatırladaq ki, 1990-cı il təvəllüdlü Karen Norikoviç Arutunyan 2009-cu ilin iyulunda xidmət etdiyi 549 saylı motoatıcı alayı tərk edərək Gədəbəy istiqamətindən Azərbaycana keçib.