Azərbaycan və Ukrayna prezidentləri Qarabağ problemini müzakirə edib

İlham Əliyev: “Qarabağ münaqişəsinin nizamlanmasında Ukraynanın prinsipial mövqeyinə görə təşəkkür etmək istəyirəm”

Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Viktor Yanukoviçin birgə mətbuat konfransı keçirilib. Azərbaycan prezidenti İlham Əliyev Viktor Yanukoviçin Ukrayna prezidenti kimi ölkəmizə ilk dəfədir ki, səfər etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, aparılan danışıqlar bir daha ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yaxın olduğunu nümayiş etdirib.

Prezident İlham Əliyev keçən ilin sonunda Ukraynaya səfərini xatırladıb, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini deyib. Bu gün aparılmış danışıqlar zamanı bir çox məsələlərin müzakirə edildiyini vurğulayan dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də danışıqlar mövzusu olduğunu bildirib.

“Münaqişənin nizamlanmasında Ukraynanın prinsipial mövqeyinə görə təşəkkür etmək istəyirəm. Bu da bu gün imzalanmış Birgə Bəyannamədə öz əksini tapıb”, - deyən prezident İlham Əliyev qeyd edib ki, sənəddə münaqişənin beynəlxalq hüququn prinsipləri - dövlətlərin ərazi bütövlüyünün qorunması, suverenliyi və sərhədlərin toxunulmazlığı əsasında nizamlanması göstərilib.

Dövlət başçısı danışıqlar zamanı iqtisadi əlaqələrin də müzakirə edildiyini, ölkələrimiz arasında əmtəə dövriyyəsinin sürətli artımının nikbinlik doğurduğunu vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, reallaşması planlaşdırılan investisiya layihələri də mövcuddur. Hərbi-texniki sahədə də əməkdaşlıq genişlənir. Əməkdaşlığın mühüm istiqamətlərindən biri də enerji sahəsidir.

Ukrayna prezidenti Viktor Yanukoviç də bugünkü danışıqlar zamanı nəzərdə tutulan bütün məsələlərin və onların həyata keçirilmə mexanizmlərinin müzakirə edildiyini deyib. Beş il bundan əvvəl Bakıya səfər etdiyini xatırladan Ukrayna prezidenti bu gün paytaxtımızın dəyişdiyini, daha da gözəlləşdiyini vurğulayıb. Viktor Yanukoviç bildirib ki, bütün bunlar ölkəmizin yüksək templərlə inkişaf etdiyini təsdiqləyir.

Ukrayna prezidenti Azərbaycan-Ukrayna münasibətlərinin dərin köklərə əsaslandığını, bu münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayıb.Viktor Yanukoviç birgə investisiya layihələri haqqında da danışıb. Ali qonaq, həmçinin qeyd edib ki, bu gün elm sahəsinə aid bir sıra layihələr də nəzərdən keçirilir.

Ukrayna prezidenti göstərilən qonaqpərvərliyə görə bir daha Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Sonra Azərbaycan və Ukrayna Prezidentləri jurnalistlərin suallarını cavablandırdılar./AzərTAc/

В этом разделе