Azərbaycan "ən riskli ölkələrdəndir"

Dünyada kompüter virusunun hücumuna ən çox məruz qalacağınız ölkələrdən biri də Azərbaycandır. Bunu AVG İnternet təhlükəsizliyi şirkəti deyir.

İslam-Azeri.az İnternet Qəzetinin BBC-ə istinadən verdiyi xəbərə görə, Şirkətin apardığı yeni təhqiqat göstərib ki, Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan onlayn təhlükələrə ən çox məruz qalan ölkələrdir.

İnternetdən ən təhlükəsiz istifadə olunan ölkələr isə Yaponiya və Tayvandır.

Ancaq İnternetdən istifadə üçün ən təhlükəsiz 10 ölkədən yeddisi Afrikadadır. Qitələrdən isə Cənubi Amerika ən təhlükəsiz, Şimali Amerika isə ən təhlükəlisidir. Bütün dünya üzrə isə onlayn olarkən virus hücumlarına məruz qalma riski bir gündə hər 73 halda 1 dəfədir.

AVG-nin məlumatında deyilir ki, bu tədqiqat 144 ölkə üzrə və 100 mliyon kompüter üzərində aparılıb.

İyul ayının sonuna olan məlumata görə, ən riskli İnternet istifadəsi cədvəlinə Türkiyə rəhbərlik edir. AVG deyir ki, onun riskdən qoruma proqramı hər 10 istifadəçidən birinin kompüterini qorumalı olub.

Rusiyada hər 15, Ermənistanda isə hər 24 istifadəçidən birinin kompüterinə virus və yaxud digər zərərli proqram hücum edib.

Azərbaycanda hər 39 istifadəçidən birinin kompüterinə virus hücumu edilib.

Bəs Qərb ölkələrilə bağlı vəziyyət necədir?

ABŞ İnternetdən istifadə üçün ən riskli yerlərin cədvəlində 9-cu yeri tutur. Burada hər 48 nəfərdən birinin kompüterinə hücum edilir. Böyük Britaniya 31-ci, Almaniya isə 41-ci yerdədir.

Yaponiya hər 404 adamdan birinin onlayn risklərə məruz qalması ilə dünyada ən təhlükəsiz İnternet istifadəsi yeri hesab olunur.

Səbəblər barədə

AVG şirkətinin baş tədqiqatçısı Roger Thompson risklərin səbəblərini öz bloqunda açıqlayarkən deyib ki, bu yarı-leqal və yaxud qeyri-leqal yükləmə saytlarından istifadə meyllərilə bağıı ola bilər.

Eləcə də mümkündür ki, istifadəçilər paylaşma linklərilə ehtiyatlı davranmırlar.

Digər bir faktor isə İnternet kafelərin populyarlığı ola bilər, deyir cənab Thompson və əlavə edir ki, Yaponiyada İnternet istifadəçiləri riskli və təhlükəsiz onlayn davranışlarından daha çox xəbərdardırlar.

O, həmçinin riskli ölkələrə səfər edənlərə məsləhət görür ki, öz kompüterindən və yaxud ictimai kompüterdən onlayn olduqları zaman email kimi İnternet xidmətlərindən istifadə etdikdən sonra hesabı və saytın özünü bağlasınlar.

В этом разделе