AMİP Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Beynəlxalq Demokrat İttifaqından yardım istəyib

Mübariz İbrahimov

Azərbaycanın Milli-İstiqlal Partiyası (AMİP) Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin qaytarılması ilə bağlı dünyanın 65 ölkəsindən 80-dən çox sağ-mərkəzçi partiyanı özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqına müraciət ünvanlayıb.

İbrahimov iyunun 18-də Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Çaylı kəndi istiqamətində hücumunu dəf edərkən, bir neçə erməni əsgərini məhv edərək qəhrəmancasına həlak olub. Azərbaycan Ordusunun həlak olan 22 yaşlı gizirinin meyitini ermənilər indiyədək Azərbaycan tərəfinə qaytarmayıblar.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Trendin məlumatına görə müraciətdə AMİP Ermənistanın beynəlxalq hüquq prinsiplərini pozan hərəkətlərinin qarşısının alınması və Azərbaycan Milli Ordusunun əsgəri Mübariz İbrahimovun cəsədinin Azərbaycana qaytarılması üçün BDİ-yə üzv hökumətlərin Ermənistana təsir göstərməsi xahiş olunub.

Beynəlxalq Demokrat İttfaqına - Böyük Britaniyanın Konservatorlar, İsveçin "Moderat", İtaliyanın "İrəli, İtaliya", Fransanın Xalq Hərəkatına Dəstək İttifaqı, Almaniyanın Xristian-Demokrat İttifaqı, Norveçin Mühafizəkarlar, Macarıstanın Vətəndaş İttifaqı, İsrailin "Likud" partiyaları kimi hakim, eləcə də ABŞ-ın Respublikaçılar Partiyası və digər nüfuzlu siyasi təşkilatlar daxildir.

В этом разделе