Yeni il nə vaxt başlayacaq?

Bir neçə gündən sonra yeni hicri-qəməri ili-1433-cü ilin Məhərrəm ayı başlayacaq

Məlum olduğu kimi İslam dünyasının istifadə etdiyi və Ayın hərəkətinə əsaslanan hicri ili başa çatmaq üzrədir. Noyabrın 24-ü Zil-hiccə ayının 27-sidir. Həmçinin bu təqvimə görə, aylar Ayın görünməsindən asılı olaraq 29 və ya 30 gün çəkir.

Bu il Məhərrəm ayının əvvəlinin hansı günə düşməsi çoxlarını maraqlandırır. Çünki Məhərrəm ayı Peyğəmbər (s) Əhli-beytinin matəminin başlanğıcı hesab olunur. Bu ayda İslam tarixində bir çox hadisələr baş verib ki, bunların ən önəmlisi Peyğəmbərin (s) nəvəsi İmam Hüseynin (ə) Kərbəla çölündə dəhşətli şəkildə qətlə yetirilməsidir.

313news.net-in "moonsighting" saytına istinadən verdiyi ənənəvi aylıq hesabata görə, bu il dünya üzərində Noyabrın 26-sı Məhərrəm ayının başlanması ehtimalı var. Çünki noyabrın 26-sına keçən gecə Mərkəzi və Cənubi Amerika ölkələrində optik cihazların köməyi ilə yeni Ay (çətinliklə) görünəcək. Çox az bir ehtimalla və optikanın köməyi ilə bəzi Qərbi Afrika ölkələrində hilalın müşahidəsi baş tuta bilər. Digər ərazilərdə isə yeni Ayın görünmə ehtimalı demək olar ki, yoxdur.

Noyabrın 27-nə keçən gecə isə, demək olar ki, bütün planet boyu yeni Ay görünücək. Həmçinin ölkəmizdə də həmin gecə Ayın asanlıqla adi gözlə müşahidə ediləcəyi proqnozlaşdırılır.

Bu elmi hesabatlara əsasən demək olar ki, bu il böyük ehtimalla Zil-hiccə ayı 29 gün çəkəcək və noyabrın 27-si Məhərrəm ayının 1-i və yeni hicri ilinin başlanğıcı olacaq.

P.S. Təbii ki, bu hesabatlar şərii etibar daşımır və Ayın başlanğıcı birbaşa müşahidələrə əsaslanır. Ona görə də müşahidə nəticələri məlum olmamış qərar vermək olmaz.

В этом разделе