Tənha qalmış məscid

(İndi “Şəhidlər camesi” belə xatırlanır)

Şəhid nalələri

Bu müqəddəs məkana yaxınlaşmaqdayam. Vücudumdan bir anlıq iniltilər, ahu-nalələrin sızıltısı keçir. Burada uyuyan müqəddəs şəhidlərimizin qəbirlərindən gələn iniltilər vücudumu bürümüşdü. Onlar hər şeyin həqiqətinə malikdir. Biz həqiqətləri onlar kimi görməsək də. İndi onların gözlərinə dünya pərdəsini örtmək mümkün deyildir. İndi onlar hər şeyi olduğu kimi görürlər: Nəyə görə Azərbaycanda məscidlər bağlanır? Nəyə görə Azərbaycanda məscidlər sökülür? Nəyə görə Azərbaycanda məscidlər, onların həyətləri zəbt edilir, qəsb edilir? İndi onlar bütün bu deyilənlərin tamam həqiqətlərindən xəbərdardırlar. Bizdən fərqli olaraq. Bəli. Onlar Allahın sevimli bəndələri, Allah dərgahında çox yüksək məqamlar əldə etmiş mübarək VƏTƏN ŞƏHİDLƏRİDİR!

Ötən həftənin şənbəsində qəribə bir xəbər yayıldı: “Şəhidlər məscidi təmir səbəbi ilə bağlanır”. Son həftələr Azərbaycan - Türkiyə münasibətlərdə soyuqluq müşahidə edilməkdədir. Belə bir həssas anda iki müsəlman və strateji müttəfiq ölkə arasında milli-mənəvi fonda belə gərginlik kimə lazımdır? Hələ ki, bu məlum deyil. Məlum olan budur ki, belə hal heç zaman olmamışdı. Bir də məlum olan məscidin təmir adı ilə qapadılmasıdır. Son vəziyyətin necə olduğunu öyrənmək üçün Şəhidlər məscidinə yollandıq.



İnanclı, yoxsa polis?

Milli Məclisin qarşısında avtobusdan enirəm. Uzaqdan müşahidə edirəm. Şəhidlər məscidinin qarşısındakı sadə və gözəl bağda tək-tük insan gözə dəyir. Polis isə demək olar ki, yoxdur. Düzü buna inanmadım. Gözlərimi ovxalayıb bir də diqqətlə baxıram. Həqiqətən də uzaqdan onlar gözə dəymirdi.

Artıq bağa daxil oluram. Bu bağ Şəhidlər Xiyabanını, Türkiyə əsgərlərinin şərəfinə ucaldılmış abidəni və Şəhidlər məscidini əhatə edir. Ortada mövqe seçmiş şəhidlər abidəsi həmin əsgərlərindir ki, Nuri paşanın komandanlığında vuruşmuşdular. Bu həmin əsgərlər idi ki, 1918-ci ildə daşnak Şaumyan öz tör-töküntüləri ilə Bakını işğalda saxlamaq istəyərkən ADR-in dəvəti ilə Nuri paşa ilə Azərbaycana gəlmişdilər. Bu həmin əsgərlərdir ki, İslam torpaqlarının müdafiəsi kimi müqəddəs amal yolunda vətənimizdə şəhid olmuşdular. Kim idi onları şəhid edənlər? O kəslər ki, Şəhidlər xiyabanında uyuyan həm 20 yanvar, həm də Qarabağ şəhidlərini şəhid etmişdilər. Dostlarımdan biri bu şəhid əsgərlərin sayının 1130 nəfər olduğunu deyir. İndi həmin əsgərin uyuduğu məkanda həm də onların məscidi qapanır... Bu günlər üçünmü şəhid olmuşdular onlar?! Görən indi onlar nə hisslər keçirirlər?! 

Tənha cümə günü

Şəhidlər məscidi ilk tənha cüməsini yaşayır. Cümə günü, cümə namazının vaxtı olsa da indi burada inanclılardan əsər-əlamət yoxdur. İndi burada bir-bir, iki-iki gənclər gəzir. Onlar şəhidləri ziyarət edir, bir-birləri ilə söhbət edirdilər. Şəhidlər məscidinin qarşısında isə insanlardan daha çox tatırlar (göyərçinlər) gözə dəyirdi. Arabir məscidin ziyarətinə gələnlər də gözə dəyirdi. Lakin sanki hər şeyə vərdiş etmiş kimi, heç bir inanclı gözə dəymirdi. Məscidin ön planından zahirən polis gözə dəymir. Gəl-get demək olar ki, yoxdur. Məxsusən cümə günündə məscidin belə tənhalığı adamı sarsıdırdı. Elə bil hər cümə bu saatlarda qaynayan-çağlayan “Şəhidlər məscidi” deyil? Heç kəsə arzulamıram məscidlərin belə cümələrini paylaşmağı. Amma mən paylaşmalı idi. Nə qədər ağır olsa da, Şəhidlər məscidinin ilk tənha cüməsində mən də vardım. Təbii ki, yalnız bir inanclı kimi deyil. Həm də içində qəhəri özünü boğan, məscidləri qərib, özü isə İslam mədəniyyətinin paytaxtı olan ölkənin vətəndaşı kimi! Nə acı paylaşma... Nə acı anlar... Nə acı baxışlar... Nə acı təəssüratlar... 

***

Tənhadır Şəhidlər məscidi. İndi burada inanclılar gözə dəymir. İndi burada polislər gözə dəyir. İndi burada inanclıların xoş ünsiyyətləri, ab-havaları yoxdur. İndi burada onların hal-əhval tutmalarından əsər-əlamət yoxdur. İndi burada bir-birini ətirlənməyə dəvət edənlər yoxdur. İndi burada bir-birinin halu-karından, gün-güzəranından xəbərdar olmaq istəyənlər yoxdur. İndi burada inanclı xanımların məhrəm bildikləri məkanları, sığınaqları yoxdur. İndi burada məscidin əhli, onu şad edəni yoxdur. İndi burada inancdan uzaq atmosfer var. Qəribdir adına “Şəhidlər” dediyimiz məscid. 

Təmir gedirmi?

Bir qədər irəliləyirəm. Məscidin 10-15 addımlığındayam. Burada bağın təmizliyi ilə məşğul olan bir neçə qadın dayanıb. Bayaqdan gözə dəyməyən polis nəfərlərindən biri onların yanında əraziyə nəzarət edirdi. Onları ötüb keçmişdim ki, bir nəfərlə qarşılaşdım. Bu məscidin yanındakı funikulyorun işçisi idi. Onunla işi haqqında daşırıq. Sonra söhbət məsciddən düşür. O, bir həftə bundan qabaq buraların heç belə sakit olmadığını deyir: “Polislər məscidin ətrafında çox gözə dəyməsələr də, aşağı yolda çoxdurlar”. Ondan ayrılıb pillələrlə aşağı irəliləyirəm. Bu zaman ağ “Mersedes”də bir polis gözümə dəyir. Onu oradaca maşınında dincəlməkdə ikən qoyub məscidin həyətinə aparan pillələrlə yuxarı qalxıram.

Pillələri qalxıb məscidin həyətinə daxil oluram. Bu zaman bir nəfərlə qarşılaşıram. Ondan bura tez-tezmi gəldiyini soruşuram. Dediyinə görə bəli, buralarda tez-tez olur. Lakin məscid qapanandan gəl-gedi bir qədər zəifləyib. “Əvvəllər məscid açıq olurdu. Hər namazda orada ibadət edirdim. İndi bir həftəyə yaxındır ki, təmir adı ilə bağlayıblar. Amma mən demək olar ki, hər gün buradayam. Hələ ki, hansısa təmir işlərinin aparıldığı görünmür. Heç usta, fəhlə də gözə dəymir. Ancaq polislərdir gözə dəyən”, - deyə həmsöhbətim ürək yanğısı ilə danışırdı. 

Deyib-gülən polis

Sonuncu həmsöhbətimlə də xudahafizləşib Türkiyə səfirliyinin dini xidmət müşavirliyinin xudmani binasına yaxınlaşıram. Binanın dəhlizində pəjmürdə hoca gözə dəyir. Olub-bitənlərin onu nə qədər rəncidə etdiyi susqun, sakit və narahat tərzindən görünürdü. Elə bu an binanın üzərində qoşa dalğalanan üç rəngli aypara və səkkiz guşə ulduzlu və al-qırmızı ay-ulduzlu bayraqlar diqqətimi cəlb edir. İndi Şəhidlər məscidinin yeganə təsəllisi bəlkə də bu bayraqlar idi. Axı onun var olmasından yoldaşdır bu bayraqlar ona. Bu mənzərəni seyr etməkdə idim ki, iki gənc məscidin adamsız dəstəmaz kranlarına yaxınlaşır. Bir qədər su içib məscidin həyətindən uzaqlaşdılar. Onları seyr etməkdə idim ki, məscidin həyətindəki şam ağaclarının altındakı skamyalar gözümə sataşdı. Orada 4 polis nəfəri əyləşmişdi. Hallarından razı görünmürdülər. Ancaq yenə də deyib-gülməklə vaxtlarını ötürürdülər. Bu arada qapıları inanclı əlinə həsrət qoyulmuş məscidin şəkillərini çəkməyə başladım. Sonra Şəhidlər məscidini təvaf edib yavaş-yavaş oradan uzaqlaşıram... 

ƏBAZƏR ƏHMƏDLİ

«Dəyərlər»


В этом разделе