Bu haqda "Məşhədi Dadaş" məscidinin imam-camaatı ilahiyyatçı Hacı Şahin Həsənli danışıb
2010-cu ilin son günlərini yaşayırıq. Bununla yanaşı, 21-ci əsrin ilk onilliyini də arxada qoymaqdayıq. Bu müddət ərzində dünyada, o cümlədən Azərbaycanda da bir sıra önəmli hadisələr cərəyan etdi, ölkənin inanclı mühitində də dəyişikliklər baş verdi. Bəs Azərbaycanın tanınmış ilahiyyatçıları bu onilliyi necə dəyərləndirir? “Deyerler.org” ilahiyyatçı-alim, Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin fikrlərini öyrənib: “Son on ili İslam dininin intibah dövrünün başlanğıcı kimi dəyərəndirirəm. Çünki bu gün dünyada ən aktual mövzu İslam mövzusudur. İslam dininin ardıcıllarının sayı və İslam dininə maraq bütün dünyada günbəgün artmaqdadır. İslam dini öz çiçəklənmə dövrünə qədəm qoyub.
Eyni zamanda belə bir proses, belə bir dövr mənfi hallarla da müşayiət olunurdu. Bu on ildə İslama qarşı ideoloji və digər müstəvisdə aparılan təzyiqlər, hücumlar, zülmlər oldu. İslama qarşı baş verən zülmlər, təzyiqlər bu prosesi həyata keçirənlərin acizliyinin göstəricisidir.
Bütün bunlara baxmayaraq, mən 10 ilin İslam dini üçün uğurlu olduğunu düşünürəm. Eyni zamanda bu hücumlar və təzyiqlər İslam müxaliflərinin son nəfəsləridir. Bir zaman dinin aradan gedəcəyini iddia edənlər indi görürlər ki, İslam əksinə, çiçəklənir, inkişaf edir və bundan narahatlıq keçirilirlər.
Ümumilikdə mən bu müddəti müsbət qiymətləndirirəm və necə ki, Allah Quran ayəsində buyurur ki, onlar Allahın nurunu batil sözlərlə söndürmək istəyirlər, amma Allah nurunu tamamlayacaq, kafirlərin xoşuna gəlməsə belə”.