SÖKÜLƏN VƏ BAĞLANAN MƏSCİDLƏR PAYTAXTI

İnsan qəribə bir varlıqdır. Hər dəfə əcaib bir hadisə ilə ratlaşanda düşünür ki, bir daha beləsilə rastlaşmayacaq. Amma illər keçir. İnsan daha da heyrətləndirici və təəcüblü olaylarla rastlaşır.

Eynilə tarixi mətnlərlə tanış olduğu zaman kimi. İnsan mütaliə etdikcə düşünür ki, artıq bu tarixdəki baş verənlər ibrət olacaq. Sonrakı nəsillər bu səhvləri təkrarlamayacaq. Amma qəribə oxşarlıqla tarixin bir çox qəribəlikləri təkrarlanır.

*****

Vətənimiz aprel ayının 3-cü həftəsini yaşayırdı. İslam Mədəniyyət Paytaxtı olmaqlığının isə təqribən 100 günlüyünü. Adət üzrə 100 günlük maraqlı nəticələndirmələrlə yadda qalır. Bu dəfə də bu dönəm yadda qaldı. Amma məələsəf, bu yadda qalanlar heç də İslam Mədəniyyəti Paytaxtının yüksək statusuna uyğunluq təşkil etmirdi.

Beləcə, ilk xəbər olaraq Yevlaxın mərkəzi məscidinin ərazisi qəsb olunma təhlükəsini yaşandı. İnsanlar Allah Evinə qəsbə etiraz etmişdirlər. İki nəfəri polis tərəfindən saxlanılmışdır. İnanclı insanlar iş yerlərində təziqlərlə üzləşmişlər. Gərginlik hələ də davam edir.

Ardınca həftə sonu Şəhidlər Camesi ilə bağlı xəbər meydana çıxır. Artıq bu dəfə “tamirat sebebiyle mescid bir müddət bağlıdır” xəbəri formatında. İnanmırıq. Jurnalistlərin sorğularında olayı dəqiqləşdirməyə ehtiyacın olmasını bildiririk. Amma budur, xəbər lentində məlumat təsdiqlənir. Səhərisi gün mətbuat (daxili və Türkiyə) olayı son sərhəd ətrafı hadisələr kontekstində şərh etməyə başlayır. Artıq həftənin iş günü başlayır. Məmurlar rəsmi olaraq məscidin təmirə bağlandığını təsdiqləyirlər. Burada mətbuatda gedən qəribə bir alt başlıq düşündürməyə bilmir – “Yeni təmir olunmuş camenin yenidən təmirə ehtiyac olduğu bildirirlir”.

Və nəhayət, üçüncü olay. Həftənin istirahət günüdür. Dəhşətli bir xəbər. Yasamaldakı yeni məscidin binası darmadağın edilir (!). İcmanın böyüyü və 14 yaşlı oğlu polisdə saxlanılır. ANS TV-nin əməkdaşları çəkiliş vaxtı təziqə məruz qalır...

Yəqin ki, rəsmi məlumat da olacaq… Amma xüsusi şərh tələb etməyən bəsit bir həqiqət ortada. Bu boyda tikili qanunsuz ucaldıla bilməzdi. Əgər qanuni idisə, nədən birdən qanunsuz oldu?! Əgər qanunsuz idisə, bəs bu qanunsuzluğa göz niyə yumulurdu?! Nəticədə istənilən bir halda ən pisi oldu. Allah Evi adına ucaldılmış bir tikili darmadağın edildi...

*****

Dəyərli həmvətənlər!

Bir həftəyə bu səpkidə məscildlərələ bağlı üç olay həddən artıq çox deyilmi?

İslam Mədəniyyəti Paytaxtında məscidlərmi ucalmalı, yoxsa qəsb olunmalı, bağlanmalı, sökülməli?!

Bütün dünyada inanca qayıdış bir intibah yaşadığı halda, islamofobiyanın mərkəzləri olan ölkələrdə yerli əhali dəstə-dəstə İslama üz tutduğu bir vaxtda, görkəmli alimlər “mən İslama gəlişimlə fəxr edirəm” dediyi bir dönəmdə məmləkətimiz belə olaylarımı yaşamalı?!

Doğmalıq, köklərə bağlılıq bir ayrı mövzu, amma tolerantlıq nümunəsi olan Vətənimizdə ucaldılmış kilsələrlə və sinaqoqlarla yanaşı, məscidlərə də tolerantlıq nümayiş etdirilməməlimi?! Bəs bu baş verənlər nə?!

İstənilən halda baş verənlər, inancla bağlı artıq sistemlı hal almış bu islamofobik sürəc - ilk olaraq qeyri-peşəkarlıqdan və din mövzusunun, mənəviyyat mövzusunun nə qədər həssas olmasının fərqinə varılmamasından xəbər verir.

Sonu isə bəlli. Mənəviyyatsızlığın artması, manqurtlaşmanın ayaq tutub yeriməsi. Ən üzücüsü isə radikallığın və ekstremizmin güclənməsi. Belə ki, dinlə bu kimi kəmfürsət rəftarlar ilk olaraq bu məhvedici fenomenin dəyirmanına su tökmüş olur.

Zatən keçən ilki məsciddə partlayış xəbərini almış qələmlərin mürəkkəbi hələ də qurumağa heç əməlli macal da tapmamış... 

Hacı İlqar İbrahimoğlu
Dəyərlər


В этом разделе