Səfər Əbiyev İrana işarə vurub?!

Səfər Əbiyev

Azərbaycanın müdafiə naziri İranlı həmkarı ilə görüşdə bəzi məqamlara toxunub

Məlum olduğu kimi oktyabrın 11-i İran İslam Respublikasının müdafiə naziri Əhməd Vahidi Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində o, yüksək rütbəli dövlət məmurları ilə, o cümlədən prezident və müdafiə naziri ilə görüşlər keçirib.

Səfər Əbiyevlə görüş geniş və təkbətək keçirilib. Səfər Əbiyev açıqlamasında Ermənistanın Azərbaycana təcüvüzünün regionda sülhə xələl gətirdiyini bildirib.

Regionda əməkdaşlığın inkişaf etdirilməsi üçün sabit şəraitin mövcudluğunu əsas şərt kimi diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycan bölgədə sülhün, əmin-amanlığın hökm sürməsini istəyir: “Əfsuslar olsun ki, hələlik buna nail ola bilmirik. Regionda təhlükəsizliyin təmin edilməsinə ən böyük maneə törədən problem Ermənistanın Azərbaycana təcavüzüdür. Ermənistanın təcavüzkar siyasəti regionda əsas gərginlik mənbəyidir”.

S. Əbiyev bildirib ki, buna əsas səbəb bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan etməsi ilə yanaşı, işğalçıya iqtisadi və hərbi yardım göstərməsidir.

Ekspertlərin rəyincə, burada işarə olunan ölkələr İran və Rusiya ola bilər.

Politoloq Rasim Musabəyov "Azadlıq radiosu"na müsahibəsində bildirib ki,  Səfər Əbiyevin belə danışması Azərbaycanın kifayət qədər gücləndiyindən xəbər verir. Davranışı ölkənin maraqlarına zidd olan dövlətlərə bunu çatdırmağın özü artıq bir göstəricidir.

Onun fikrincə, digər tərəfdən ola bilsin ki, İranın Azərbaycandan nəsə istədikləri var. Ancaq Rasim Musabəyov düşünür ki, hər şey qarşılıqlı olmalıdır:

“Ermənistana yardım etməsi fonunda İranın istəkləri qəbuledilməzdir. Ola bilsin ki, Azərbaycanın müdafiə naziri onlara “yox” deməyə əsas yaratmaq üçün İranın davranışı ilə bağlı müəyyən narazılıqlarını da bildirir”.

В этом разделе